Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ölkəmizin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına tələbə qəbulu elan edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən məlumata görə, magistraturaya qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavrlar fevralın 10-dan 19-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (eservices.tqdk.gov.az/erizemag/erize) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və FİN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurub təsdiqləyir (təsdiqlətdirir). Virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətləri vasitəsilə əldə etmək olar (ətraflı məlumat eservices.tqdk.gov.az/erizemag/erize internet səhifəsindəki aktual keçidlərdə verilib). Ölkəmizdəki ali təhsil müəssisələrini bitirən və Azərbaycan vətəndaşı olan bütün bakalavrlar "Bakalavrın elektron ərizəsi"ni internet vasitəsilə özləri təsdiqləməlidirlər. Digər bakalavrlar ərizələrini tələb olunan sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına şəxsən təqdim etməklə təsdiqlətdirməlidirlər.
Qəbul imtahanı test üsulu ilə iki mərhələdə aparılır. İmtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək. Birinci mərhələdə bakalavrların ümumi intellektinin (məntiqi təfəkkürunün) inkişaf səviyyəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə onların seçdikləri qəbul proqramı əsasında ixtisas üzrə bilikləri yoxlanılır.
Birinci mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq.
Birinci mərhələdəki nəticələri TQDK tərəfindən qoyulmuş minimal tələbləri ödəyən bakalavrlar proqram seçiminə buraxılacaqlar. Həmin bakalavrlar mayın 3-dən 10-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiqləməlidirlər.
İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri seçdikləri proqrama əsasən test üsulu ilə onlara 50 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunmaqla yoxlanılacaq.
İmtahan suallarının cavablandırılmasına imtahanın birinci mərhələsində 2 saat 30 dəqiqə, ikinci mərhələsində isə 1 saat 30 dəqiqə vaxt ayrılır.
Magistraturaya ixtisaslaşma seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan edildikdən sonra - iyunun 9-dan 19-dək müddətdə aparılacaq. İxtisaslaşma seçiminə imtahanın iki mərhələsi üzrə topladıqları ümumi bal (balların cəmi) ilə yanaşı, ixtisas üzrə topladıqları bal da TQDK tərəfindən müəyyənləşdirilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılacaqlar.
Magistraturaya müsabiqə yolu ilə qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır. Bakalavrların seçdikləri ixtisaslaşmalara yerləşdirilməsi onların iki mərhələdə keçirilən imtahanda topladıqları ümumi bal (balların cəmi) əsasında ərizələrində qeyd etdikləri ixtisaslaşmaların ardıcıllığı nəzərə alınmaqla, dövlət sifarişi ilə magistratura səviyyəsinə qəbulun proqnozu və təhsili ödənişli əsaslarla olan ixtisaslaşmaların qəbul planı çərçivəsində həyata keçirilir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların siyahısında birinci olana yerləşdirilir.
Qəbul elanının tam mətni "Magistr" jurnalının ikinci nömrəsində verilib.