Polkovnik-leytenant: “İxtisaslar üzrə hazırlıqlı çağırışçılar yetişdirilib” MÜNASİBƏT

9 Fevral 2016 17:14 (UTC+04:00)

"Silahlı Qüvvələr və cəmiyyət arasında münasibətlərin tənzimlənməsində dövlət və ictimai qurumların fəaliyyəti mühüm yer tutur". Bunu SİA-ya Qarabağ və Əfqanıstan veteranı, polkovnik-leytenant Ağa Fəttahov deyib.

Onun sözlərinə görə, ictimai qurumları təmsil edən qeyri-hökumət təşkilatları (QHT) və müxtəlif təşkilatlar, həmçinin mətbuat orqanları ordunun təbliğatı, müxtəlif informasiyaların çatdırılması kimi funksiyaları həyata keçirirlər: "Dövlətin bir neçə qurumu isə birbaşa olaraq bu münasibətlərin tənzimləyicisi rolunda çıxış edir. Gənclərin hərbi xidmətə çağırışını və hərbi hissələrə göndərilməsini təşkil edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) bu baxımdan uğurlu və məqsədyönlü fəaliyyəti ilə fərqlənir. Xidmət funksiyasına uyğun olaraq gəmnclərin hərbi xidmətə çağırışının təşkili ilə yanaşı Silahlı Qüvvələrimiz üçün bir neçə ixtisas üzrə mütəxəssislərin hazırlığını da həyata keçirir. Artıq SHXÇDX-nin təşkil etdiyi kurslarda ordu üçün snayper, aşpaz, sürücü, desant və s. ixtisaslar üzrə hazırlıqlı çağırışçılar yetişdirilib və bu davam etməkdədir. Xidmətin həyata keçirdiyi işlərdən biri də ordu-cəmiyyət əlaqələrində körpü rolunu oynamaqdır. Bu mənada mütəmadi keçirilən tədbirlər, il ərzində davamlı olaraq gənclərin hərbi xidmətə yola salınma və hərbi xidmətdən tərxis olunan gənclərin qarşılanma mərasimlərinin keçirilməsi mühüm əhəmiyyət kəsb edir".