Bu gün Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Yevlax Rayon Təşkilatında "Kitabi-Dədə Qorqud" dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Yevlax şəhər icra hakimiyyəti başçısının müavini Elnarə Məmmədova "Kitabi-Dədə Qorqud" dastanının əhatə etdiyi qədim Oğuz eli Azərbaycan tarixi haqqında geniş məlumat verib. Bu münasibətlə möhtərəm cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən dastanın 200 illiyi münasibəti ilə keçirilən tədbirləri və görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonra Yevlax şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Aytəkin Quliyeva məruzə etdi. Azərbaycan Respublikası yanında Bilik fondunun Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olumuş "Kitabi-Dədə Qorqud" və H.Fridrix "Fon Dist-200" mövzusunda Beynəlxalq Şagird Konfransının iştirakçısışəhər 5 nömrəli tam orta məktəbin şagirdi Günel Əlili inşa yazısını oxuyaraq dastanının boylarından olan nüansları xırdalığı ilə diqqətə çatdırıb.
Sonda YAP Yevlax rayon Təşkilatının Aparat rəhbəri Əli Quliyev çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. O, vurğulayıb ki, Azərbaycan dövlətinin nadir bədii incilərindən sayılan "Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan xalqının bədii təfəkkürünün abidəsidir. "Kitabi-Dədə Qorqud" dastanı eyni zamanda müasir Azərbaycan gəncliyinin formalaşması üçün ən dəyərli, əxlaqi, milli metodiki bir vəsaitdir.