“Regionda Azərbaycanın təcrübəsindən istifadəyə ehtiyac var”

5 Fevral 2016 16:55 (UTC+04:00)

"Londonda keçirilən "Suriyaya və regiona dəstək" donor konfransında Prezident İlham Əliyevin iştirakı dövlətimizin regionda önəmli yer tutmasını göstərdi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Millət vəkili bildirdi ki, Prezident İlham Əliyevin konfransda çıxışı bir daha onu göstərdi ki, Azərbaycan hər zaman sülhün tərəfdaşıdır və ölkəmiz nəinki regionda, eləcə də dünyada sülhün bərqərar olmasında öz səylərini əsirgəmir: "Prezident İlham Əliyev konfransda çıxışı zamanı münaqişə şəraitində olan Azərbaycanın terrorizmlə mübarizə apardığını qeyd etdi. Ölkə başçısı çıxışı zamanı Azərbaycan torpaqlarının 20 ildən artıqdır ki, işğal olunduğunu, nəticədə 1 milyondan çox qaçqın və məcburi köçkünün yurdsuz-yuvasız qaldığını vurğuladı. Dövlət başçısı söylədi ki, Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, 20 ildən artıqdır ki, Ermənistan tərəfindən bu qətnamələrə məhəl qoyulmur".

S. Fətəliyeva vurğulayıb ki, regionda, dünyanı sarsıdan bir sıra məsələlərdə Azərbaycanın təcrübəsindən istifadəyə ehtiyac var: "Münaqişələrə laqeyd qalanlar gələcəkdə yeni terror yuvalarının yaranmasına səbəb olurlar. Beynəlxalq hüquq və dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır, işğal faktı BMT Təhlükəsizlik Şurasının 4, AŞPA-nın 2 qətnaməsində öz əksini tapıb. Buna baxmayaraq, torpaqlarımız hələ də işğal altındadır. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi kimi Suriya problemi də həll olunmaz olaraq qalır. Dövlətimiz bu illər ərzində böyük inkişaf yolu keçməklə özünün nə qədər güclü dövlət olduğunu isbat edə bildi. Əlbəttə, bütün bunlar ölkə başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində əldə olunub".