"Metsamor atom elektrik stansiyası 1973-cü ildə inşa edilib və 1979-cu ildə istismara verilib. Artıq öz istismar müddətini başa vurub və tək Ermənistan üçün deyil, region üçün qorxulu bir radiasiya mənbəyinə çevrilə bilər". Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Arzu Nağıyev deyib.
O bildirib ki, Ermənistanın seysmik zonada yerləşdiyini nəzərə alsaq, bu risk daima var: "Məhz buna görə də ətrafda yaşayan əhali onun bağlanmasını tələb edir və stansiyanın ən böyük təhlükə mənbəyi olduğunu bildirirlər. Çox maraqlıdır ki, stansiya Türkiyədən 16 km, İrandan 60 km, Azərbaycan və Gürcüstandan isə 120 km məsafədə yerləşir. Bütün bu iradlara baxmayaraq, Ermənistan rəhbərliyi stansiyadan istifadə edir. Burada Rusiya faktoru da var. Belə ki, 2003-cü ildən stansiya Rusiyanın "İnter Rao EAS" idarəçiliyinə verilib və ermənilər onu dayandıra bilməz. Baxmayaraq ki stansiyanın dayandırılması ilə bağlı beynəlxalq təşkilatlar da müraciətlər edib, amma Sarkisyan iqtidarı buna məhəl qoymur. Avropa İttifaqı da stansiyanın konservasiyasına 200 milyon avro ayırmağa hazır idi, lakin alternativ enerji mənbəyinin olmamasını bəhanə edərək, bu danışıqlar pozuldu.
Ermənilər iqtisadi cəhətdən bu gün tənəzzülə uğradıqları üçün yeni stansiya tikmək iqtidarında deyillər. Lakin hesablamalara görə 5 milyard dollar tələb edirlər. Yəni əsas məqsəd bu məsələdən istifadə etməklə varlanmaq və regiona siyasi təzyiq göstərməkdir. Öz vətəndaşlarının taleyi isə həmişə olduğu kimi, cinayətkar Sarkisyan rejimini maraqlandırmır".