Bu gün teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti Tariyel Qasımovun doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, Tariyel İsgəndər oğlu Qasımov 4 fevral 1939-cu ildə Ağstafanın Köçəsgər kəndində anadan olub. 1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub. Təhsil aldığı zaman Lütfi Məmmədbəyovun dram dərnəyinə getməyə başlayıb. İkinci kurs tələbəsi ikən Gənc Tamaşaçılar Teatrında tamaşada rol alıb. Teatr müdriyyətinin məktubu ilə1960-cı ildə köçürülmə yolu ilə sənədlərini Teatr İnstitutuna verib. Kino və dram aktyorluğu fakültəsinə - Rza Təhmasibin kursuna qəbul olunub. Üçüncü kursda ikən Dram Teatrında işə başlayıb. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib.

1964-cü il oktyabr ayının 1-dən (müəyyən fasilələrlə) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2 il GTT-da işlədikdən sonra Naxçıvan Dövlət Musiqli Dram Teatrına dəvət olunub. 1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan Teatrının ilk aktyorlarından olub. 1968-ci ildə yenə də Bakıya qayıdıb, kinostudiyada rejissor assistenti kimi işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrına qayıdıb. 1997-ci ildən Qazax Dövlət Dram Teatrına bədii rəhbər və direktor göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrında çalışır.
Tariyel Qasımov Azərbaycanfilmdən başqa Türkmənfilm, Tacikfilm, Özbəkfilm, Mosfilm, DEFA (Almaniya) studiyalarında filmlərə çəkilib: "Rüstəm və Söhrab" (1969-1971, Tacikfilm, 3 seriyalı), "Qızıl rəngi" (1975, Türkmənfilm), "Çilidə gecə" (1982, Mosfilm), "Əlvida, yaşıl yay" (1983, Özbəkfilm), "Həyatın mənası" (1983, Özbəkfilm, 2 seriyalı), "Odlu yollarla" (1981-1983, Özbəkfilm, 17 seriyalı), "Sahib" (1983, Özbəkfilm), "Sonya raport verir" (1983, 2 seriyalı, DEFA (Almaniya), rej: Ştefan Bernxard).

.jpg)
(1).jpg)