Bərdənin üç kəndinə təbii qaz verilib

2 Fevral 2016 21:37 (UTC+04:00)

Bərdə rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələri sırasına Xəsili, Köbərkənd və Qazaxlar kəndləri də daxil edilib. Ümumilikdə 775 abonenti olan kəndlərin qazlaşdırılması zamanı birpilləli sistem əsasında ümumi uzunluğu 58 min 960 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bu münasibətlə keçirilən mərasimlərdə rayon ictimaiyyətinin nümayəndələri, "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri iştirak ediblər.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Zahid Oruc və başqaları çıxış edərək, sakinləri kəndlərin "mavi yanacaq"la təmin olunması münasibətilə təbrik edib, ölkəmizin bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da həyata keçirilən sosial layihələrdən, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar.

Məlumat verilib ki, rayonun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmaq üzrədir. İndiyədək Bərdə şəhəri və rayonun 109 kəndindən 93-ü "mavi yanacaq"la təmin olunub. Təkcə ötən il rayonda 437,3 kilometr müxtəlif diametrli qaz xətləri çəkilərək 31 kənd qazlaşdırılıb, 5518 abonentə təbii qaz verilib. Hazırda rayonun digər kəndlərində qaz xətlərinin çəkilişi sürətlə davam etdirilir. Bu il rayonun bütün kəndlərinin təbii qazla təmin edilməsi nəzərdə tutulur.

Çıxış edən sakinlər əhalinin maddi-rifah halının, sosial məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən kəndlərin "mavi yanacaq"la təmin olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.