YAP GB-nin üzvləri Milli Məclisin vitse-spikeri ilə görüşdülər

2 Fevral 2016 12:35 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) "İdarəetmədə islahatlar və Gənclik": Gənclər Milli Məclisdə yeni layihəsi çərçivəsində parlamentin vitse-spikeri Bahar Muradova ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Milli Məclisin sədr müavini Bahar Muradova ilə yanaşı, YAP GB-nin sədri Seymur Orucov, gənclər birliyinin fəal üzvləri, millət vəkilləri Tahir Mirkişili, Ülviyyə Həmzəyeva və digər gənc deputatlar iştirak ediblər.

Öncə gənclər Milli Məclisin inzibati binası və Heydər Əliyev guşəsi ilə tanış olublar. Daha sonra tədbir çıxışlar və müzakirələrlə davam edib.

B.Muradova çıxış edərək ölkə gəncliyini Gənclər Günü münasibəti ilə təbrik edib. Bildirib ki, Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra ağır proseslərlə üzləşmişdi. O qeyd edib ki, bu ağır proseslər daha çox ölkə gəncliyini təhdid edirdi: "Bütün ölkələrdə müsbət və mənfi məcrada hərəkət edən proseslərdə gənclik fəal iştirak edir. O zaman da müxtəlif dairələr məhz onların imkanlarından bəhrələnmək istəyirdi. Elə buna görə də ilk müstəqillik illərində Azərbaycan gəncliyinin gündəlik həyatı, gələcək perspektivləri təhdidlərə məruz qalırdı. Lakin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı mövcud problemlərin həllində xüsusi rol oynadı. İldən-ilə "2 Fevral- Gənclər Günü"nü daha böyük uğurlarla qarşılayıb, inamla yola salırıq".

Milli Məclisin vitse-spikeri vurğulayıb ki, bu gün ölkədə gənclik adına görülən bütün işlər Azərbaycan dövlətinin mənafeyinə və maraqlarına xidmət edir: "Qarşıya qoyulan hədəflərə daha sürətlə çatırıq. Azərbaycanda gənclərin bütün istiqamətlərdə fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradılıb. Bu gün gənclərimiz dövlətdə və cəmiyyətdə öz yerini müəyyən edib. Artıq gənclər proseslərin ardınca deyil, önündə getməyə başlayıblar. Gəncliyə qoyulan kapital öz səmərəsini verir. Eyni zamanda, bu gün Milli Məclisdə gənclərin çoxluq təşkil etməsi danılmaz faktdır. Təcrübəmdən çıxış edərək deyə bilərəm ki, bəzi məsələlərdə bugünkü gənclikdən nümunə götürürəm. Çünki indiki gənclər yeni ideya verir və istiqamət göstərirlər. Hətta indiki gənclər həyatın bütün sahələrinə nüfuz edəcək güc halına gəliblər. Bu gücün önündə isə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi gəlir".

Sonra YAP GB-nin sədri Seymur Orucov çıxış edərək, ölkə gənclərinə və onların həyata keçirdikləri layihələrə dəstək olduqlarına görə Milli Məclisin rəhbərliyinə minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycanda hər il təntənə ilə qeyd olunan Gənclər Günü ölkə gənclərinə Ulu Öndər Heydər Əliyevin hədiyyəsidir. YAP GB-nin sədri bildirib ki, 2017-ci ildə Azərbaycanda Gənclər Gününün 20 illik yubileyi qeyd olunacaq: "2017-ci ilədək bu bayramı daha çox uğurlarla qeyd etməyə çalışacağıq. İndiyədək də gənclərimizin əldə etdikləri uğur və nailiyyətlərindən danışmaq üçün kifayət qədər bazamız var. Azərbaycan gənclərinin belə yüksək səviyyəyə çatması təsadüfü deyil. Ökəmizdə aparılan məqsədyönlü gənclər siyasəti Azərbaycan gənclərinin inkişafına şərait yaradıb. Azərbaycanda gənclər siyasətinin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir".

S.Orucov vurğulayıb ki, 2003-cü ildən Azərbaycanda gənclər sahəsi üzrə bir çox dövlət proqramları icra olunub. O qeyd edib ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və bu kimi digər qurumların yaradılması ölkədə gənclərə olan diqqət və qayğının bariz nümunəsidir: "Dünyada gəncliyinə belə yüksək səviyyədə qiymət verən ikinci dövlət yoxdur. Məhz dövlətimizin diqqət və qayğısı nəticəsində Azərbaycan gəncləri xaricdə də ölkəmizi layiqincə təmsil edirlər. Gənclərimiz Xaricdə Təhsil dövlət proramlarında da uğurla iştirak edirlər. Ölkə daxilində də onlar üçün bir çox ali məktəblər yaradılıb".

YAP GB-nin sədri deyib ki, Prezident İlham Əliyev gənclərlə son görüşündə bir çox çağırışlar edib: "Biz cənab Prezidentin çağırışlarını bütün gücümüzlə yerinə yetirməyə çalışacağıq. Gəncliyimiz yeni mərhələyə qədəm qoyacaq. Ölkə gəncləri elm xarakterli işlərə daha çox önəm verəcək, beynəlxalq təşkilatların təcübə proqramlarında iştirak edəcəklər. Gənclərimiz yeni ixtiralar, kəşflər etməyə daha çox çalışacaqlar"

O, Azərbacan gəncliyinin seçki proseslərində, təbliğat-təşviqat işlərində, tarixdə ilk dəfə Azərbaycanda keçirilən I Avropa Ounlarında fəal iştirak etdiyini vurğulayıb.

S.Orucov ölkə gənclərini Gənclər Günü münasibətilə təbrik edib.

Daha sonra millət vəkilləri və fəal gənclər çıxış ediblər.