Müxalifətin dərk edib, tərk etmək yolu

2 Fevral 2016 11:38 (UTC+04:00)

Müxalifət düşərgəsində zaman-zaman müxtəlif adlar altında birliklər, bloklar və sair formatlar yaradılır. Hər bir format da ortaya çıxan gündən "fərqli və yeni düşüncə" ilə yaradıldığını iddia edir. Amma aradan çox qısa vaxt keçir və aydın olur ki, bu cür qurumlar mahiyyətcə elə köhnə müxalifətin köhnə təfəkkür tərzindən və yarıtmaz yanaşmalarından heç də fərqlənmir. Çünki bu cür formatların arxasında dayananlar elə ənənəvi, uğursuz müxalifət "liderləridir". Elə bugünlərdə baş tutan görüşlərin uğursuz nəticələrini burada göstərmək kifayət edər.

Ümumiyyətlə, belə bir sual yaranır ki, müxalifətin zəifliyi, pərakəndəliyi fonunda müxtəlif blok və qurumların yaradılmasına səy göstərilməsi mövcud ağır vəziyyətin düzəldilməsinə nə dərəcədə yardımçı ola bilər? Fikrimizcə, bu günə qədər müxalifət düşərgəsini təmsil edən qüvvələrin yaratdığı müxtəlif blok və qurumlar mövcud olub.

Amma sonradan həmin blok və qurumların dağılmasına və parçalanmasına gətirib çıxarıb. Hətta bu parçalanma o qədər böyük olub ki, indi də birləşdirmək istəyərkən belə, ətəyini yığıb-yığışdıra bilmirlər. Ümumiyyətlə, bunu da müxalifət təmsilçilərinin hər hansı bir işin öhdəsindən gəlməməsi kimi dəyərləndirmək olar. Yəni, müxalifətin uğursuz siyasət aparması onların fiaskoya uğramasına səbəb olur. Demək olar ki, müxalifət düşərgəsində yaranan bu cür vəziyyətə görə, müxalifət qüvvələri bir-birlərini xəyanətdə və satqınlıqda ittiham edirlər. Bu da müxalifət qüvvələrinin bir-birini qəbul etməməsindən xəbər verir.

O cümlədən, aralarında olan gərginlik müxalifət düşərgəsində hər hansı bir irəliləyişə maneə törədir və heç bir blok, birlik onları birləşdirə bilməz. Çünki müxalifət qüvvələri bir araya gəlməyi bacarmır.

Müxalifətin uğursuzluğuna gəlincə, onların uğursuzluğa düçar olmaları yanlış siyasət aparmaları ilə bağlıdır. Beləliklə, bu radikal siyasətin heç bir perspektivi yoxdur. Yəni, müxalifətə hər hansı bir uğur qazandıran deyil. Ümumiyyətlə, Azərbaycan xalqı müxalifət düşərgəsini təmsil edən qüvvələr tərəfindən aparılan siyasəti dəstəkləmir.

Hətta bu gün müxalifətin içərisində olanlar da etiraf edirlər ki, daxili intriqalar və lazım olmayan rəqabət onları ümumi nəticəsizliyə, uğursuzluğa gətirib çıxarır. Bu isə ilk növbədə, Azərbaycan müxalifətinin yetkin olmaması ilə bağlıdır. Onların nəyin siyasətlə bağlı olduğunu, nəyin bağlı olmadığını dərk etməmələrindən irəli gəlir. Dərk edəcəkləri amil isə bu səhnəni tərk etməkdir. Dərk edib, tərk etmək...