Nizami rayonunda 2 fevral – Gənclər Günü qeyd olunub FOTOLAR

1 Fevral 2016 12:50 (UTC+04:00)

2 fevral – Gənclər Günü münasibətilə Nizami rayonunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva və fəal gənclər iştirak ediblər.

Çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan gəncliyi ölkənin daxili ictimai-siyasi, həmçinin, sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və kreativliyilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir: "Azərbaycan gəncliyi ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, dövlətimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirir. Məhz, bütün bunlar gəncliyimiz üçün dövlətimiz tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib. Müasir Azərbaycan gəncliyi unutmur ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bu günkü uğurlara məhz, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar".

Sədaqət Vəliyeva vurğulayıb ki, 2003-cü ildən sonra Azərbaycanda gənclər siyasətini daha da şaxələndirərək, yeni verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəldən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində 2005-ci ildə "Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-ci illərdə)", "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı qəbul edildi, 2007-ci il ölkədə "Gənclər ili" elan edildi, həmçinin, gənclərin hərtərəfli inkişafı üçün Gənclər Mərkəzi, Gənclər Fondu, Gənclər Evi və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsində Gənclərlə iş sektoru yaradıldı, "Gənclər üçün Prezident Mükafatı" təsis edildi. Prezident İlham Əliyev həmçinin, bu il Azərbaycan gəncliyinin perspektiv inkişafı baxımından strateji əhəmiyyət kəsb edən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı.

Gənclərə tövsiyə və məsləhətlərini verən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova bildirib ki, hələ 1969-cu ildə Azərbaycanda rəhbərliyə gələn Ümummilli Lider Heydər Əliyev həmin dövrdən başlayaraq ölkəmizin möhkəm əsaslarının formalaşdırılması və kadr potensialının gücləndirilməsi üçün gənclərlə işə böyük önəm verdi: "Azərbaycan gəncləri perspektiv inkişafın əsaslarını təşkil edən mühüm prosesləri dərindən mənimsəmək üçün o zamanki nüfuzlu ali təhsil məktəblərində təhsil almağa, tədqiqat işləri aparmağa və elmi adlar qazanmağa göndərildi. Qısa müddət ərzində Azərbaycan gəncləri ölkənin aparıcı qüvvəsinə çevrilməyi bacardı. 1993-cü ildə xalqın təkidli tələbindən sonra hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev ikinci dəfə Azərbaycan dövlətçiliyini xilas etdi. O, gənclərin enerjisini, həvəsini və gücünü görərək, onların Azərbaycan dövlətçiliyinin qorunması və gücləndirilməsi yönünə istiqamətləndirdi. Məhz, Ümummilli Lider Heydər Əliyevin hələ 1969-1982-ci illərdə keçmiş SSRİ-nin ən tanınmış universitetlərində təhsil almağa göndərdiyi yüzlərlə azərbaycanlı gənc Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və quruculuq prosesində əhəmiyyətli rol oynamağa başladılar".

Çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva qeyd edib ki, ikinci dəfə hakimiyyətə gələndən sonra dərhal gənclərlə işə başlayan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin əsasını qoydu: "Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən birinə çevrildi, gənclər tədrici olaraq, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sferalarında aktiv iştirak etməyə başladılar. Ulu Öndər Heydər Əliyev gənclərin sosimun inkişafında rolunu artırmaq, paytaxt və regionlarda yaşayan gənclərin ölkə miqyasında cərəyan edən proseslərdə iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə institusional reformalara da start verdi".

Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev isə bildirib ki, Ulu Öndər Heydər Əliyev Gənclər və İdman Nazirliyinin əsasını qoydu, 1996-cı ildən başlayaraq gənclərin forumları təşkil edildi, 1997-ci ildə isə imzalanan Sərəncamla fevralın 2-i Azərbaycan Gənclər Günü elan edildi: "Bununla yanaşı, "Dövlət gənclər siyasəti haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Gənc istedadlar üçün təqaüdlərin təsis edilməsi haqqında" fərmanlar, sərəncamlar, eyni zamanda, qəbul edilmiş digər proqramlar və qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda çox mühüm faktora çevrildi".

Nizami rayon gəncləri adından çıxış edən YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Ramil Vəlibəyov qeyd edib ki, gənclər bundan sonra da Ulu Öndər Heydər Əliyev irsinə sadiq qalacaq, dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq və arxalandığı Prezident İlham Əliyevin göstərdiyi etimadı doğruldacaqlar.

Tədbirin sonunda bir qrup gəncə partiya vəsiqələri təqdim edilib, həmçinin, rayonun ictimai həyatında aktiv iştirakına görə bir qrup gənc fəxri fərmanlarla təltif olunub, eləcə də, YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin məzunlarına sertifikatlar təqdim edilib.