“Qu quşu rəqsi” “Proza 2015” üçcildliyində yer alıb

29 Yanvar 2016 14:58 (UTC+04:00)

Moskvada "Proza 2015" üçcildliyi işıq üzü görüb. SİA-nın verdiyi xəbərə görə, Rusiya Yazıçılar Birliyinin təqdimatında nəşr olunan üçcildlik ötən il ərzində müxtəlif ədəbi qəzet, jurnal və portallarda dərc olunmuş, habelə kitab və almanaxlara daxil edilmiş hekayələrdən ibarətdir. Leonid Aronov, Lev Yefremov, Darya Fedorçuk, Olst Peterson, Anna Ekkel, Albert Qrin, Nodar Xatiaşvili, Alfrid İzatulin, Andrey Bajenov kimi yazıçıların arasında həmyerlimiz Varis də yer alıb.

Almanaxa yazıçımızın insanın ətraf mühitlə amansız böyük müharibəsi fonunda qəlblə düşüncənin kiçik müharibəsindən bəhs edən "Qu quşu rəqsi" hekayəsi daxil olunub.

Qeyd edək ki, hekayə həm də işıqla zülmətin, gözəlliklə eybəcərliyin vəhdətdə yaşamaq məhkumluğundan kənara çıxmanın acı nəticələrindən söz açır.