Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasın gündəliyində 3 məsələ yer alıb. İclasda komitənin 2015-ci ilin payız sessiyasında gördüyü işlər barədə hesabat dinlənilib, 2016-cı ilin yaz sessiyası üçün iş planı və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"ında dəyişiklik edilməsi barədə" qanun layihəsi müzakirə olunub.
Komitə sədri Arif Rəhimzadə bildirib ki, ötən sessiya müddətində komitənin 4 iclası keçirilib və 10-u qanun layihəsi olmaqla, 12 məsələ müzakirə edilib. Dövr ərzində komitənin ünvanına 209 məktub, təklif, ərizə və şikayət daxil olub. Bunlardan 116-sı araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib.
2016-cı ilin yaz sessiyası ərzində komitənin işlər planına gəldikdə isə A. Rəhimzadə qeyd edib ki, vətəndaşların qəbulu, daxil olan ərizə və şikayətlərə baxılması, Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi, eləcə də inzibati ərazi bölgülərində qismən dəyişikliklər edilməsi barədə qanun layihələrinin işlənib hazırlanması komitənin qarşısında duran əsas məsələlərdir. O, həmçinin vurğulayıb ki, bələdiyyələrin fəailiyyəti ilə bağlı bir sıra mühüm işlər də görüləcək: "Ötən ildən bələdiyyələrin vergiləri və ödənişləri nağdsız halda almaq məsələsi qanunvericilikdə öz əksini tapıb, bu müsbət məsələ olsa da, onun icrasında müəyyən çətinlik var. Bununla bağlı hazırda müəyyən tədbirlər görülür. Təkliflər hazırlanır ki, bələdiyyələr vergiləri alanda onların vergi verənə hər hansı bir təsir müxanizmi olsun. Eyni zamanda, bələdiyyələrin qeyri-hərrac yolu ilə mövsümi istifadəsi üçün torpaqların icarəyə verilməsi məsələsi gündəlikdə yer alıb. Bununla bağlı müəyyən addımların atılması müəyyənləşdirilib".
O qeyd edib ki, komitədə həmçinin, qəbirstanlıqların istifadəsi ilə əlaqədar qanun layihəsi də hazırlanır: "Layihənin şəhər, rayon və qəsəbə bələdiyyələrinin assosiasiya rəhbərlərinə verilməsi planlaşdırılır ki, onlar da müzakirə etdikdən sonra öz təkliflərini versinlər".
İclasda "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"ında dəyişiklik edilməsi barədə" qanun layihəsi haqqında məlumat verilərək bildirib ki, dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Qoşadizə kəndi inzibati ərazi vahidi kimi ləğv olunduğundan, "Azərbaycan Respublikası bələdiyyələrinin siyahısı"ndan çıxarılır.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.