İctimai xadim Hacı Quliyev əməkdar artist Elza Seyidcahandan söz açıb. SİA-nın verdiyi xəbərə görə, o, ifaçı ilə aralarında olan səmimi münasibətdən danışıb: "Biz Elza xanımla çox səmimi dostuq. Bir-birimizin xətrini çox istəyirik. Azərbaycan sənətçilərinin arasında hörmət etdiyim xanım müğənnilərdəndir".
H.Quliyev əməkdar artist haqqında "Səhnənin dəli sənətkarıdır" fikrinə də münasibət bildirib: "Hər zaman sənətə yenilik getirmək istəyən sənət adamlarımız qınaq obyektinə çevriliblər. Cazmen Vaqif Mustafazadəni, kamança ustası Habil Əliyevi, xanəndə Alim Qasımovu fərqli ifalarına görə, niyə tənqid atəşinə tutmayıblar? Adını çəkdiyim şəxslər nəinki Azərbaycanda, dünyada öz sözünü deyən sənətkarlardır. Xüsusilə, bir məqamı qeyd edim ki, Amerikaya səfərim zamanı disk satılan mağazada oldum. Dünya ulduzları arasında Alim Qasımovun disklərini görəndə çox sevindim. Sevincimin həddi-hüdudu yox idi.
Qaldı ki, Elza Seyidcahana. Azərbaycanda qəbul olunmaya bilər. Lakin, Elza xanımın çox məntiqli düşüncələri var. Hətta deyərdim bir çoxlarından fərqli olaraq, o, gələcəyini də sığortalayıb. Bildiyimiz kimi, elə bəstəkarlarımız var ki, mahnı yazırlar, amma nota köçürmürlər. Həmin əsərlər də zaman keçdikcə unudulub, gedir. Elza Seyidcahan isə zamanında çox böyük əsərlər yazıb, notlaşdırıb, arxivləşdirib və özündə saxlayıb. Elə əsərləri var ki, bu gün ortaya çıxmayıb. Zamanı gələndə həmin əsərlər öz sözünü deyəcək".