Sürüşmə zamanı yaranan qəzaların xərci sığorta şirkəti tərəfindən ödənilir?

26 Yanvar 2016 17:28 (UTC+04:00)

Yolların buz bağlaması ilə əlaqədar nəqliyyatda baş verən qəzaların sayı artıb. Yol sürüşmələri zamanı eyni anda bir neçə avtomobil zəncirvari qəzanın qurbanı olur. Bəs sığorta şirkətləri sürücüdən asılı olmayaraq, yaranan bu qəzaların maddi zərərini ödəyirmi?

Bu məsələ ilə bağlı "Paşa Sığorta" şirkətinin marketinq departamentinə müraciət etdik. SİA-nın verdiyi məlumata görə, bu cür hallarda baş verən qəzaların maddi zərəri sığorta şirkəti tərəfindən tam şəkildə qarşılanır. Departamentin əməkdaşının verdiyi məlumata görə, son bir neçə saat ərzində 40-a yaxın nəqliyyat hadisəsi qeydiyyata alınıb: "Sürüşmə nəticəsində yolda baş verən qəzalar zamanı sürücüyə dəyən ziyan sığorta şirkəti tərəfindən qarşılanır. Son 2 saat ərzində 40-a yaxın nəqliyyat hadisəsi qeydə alınıb və hazırda bununla bağlı bizim əməkdaşlarımız hadisə yerindədirlər. Hələ ki, ümumi nə qədər ödəniş həyata keçirilib, qəza halları hansı markalı avtomobillər tərəfindən törədilib. Bu barədə konkret məlumat yoxdur".

Marketinq departamentinin əməkdaşı zəncirvari qəzalar zamanı bir avtomobilin sürüşməsi ilə zərərçəkən digər avtomobillərin xərclərinin ödənilməsi məsələsinə də aydınlıq gətirib: "Əgər avtomobilin icbari sığortası bizdədirsə, bu da əks tərəfin zərərini ödəmək deməkdir, bu zaman biz maşının özünün yox, onun vurduğu avtomobilin zərərini ödəyirik. Yəni əgər, maşın icbari sığorta olunubsa, biz qarşı tərəfin zərərini ödəyirik. Lakin əgər avtomobilin kasqo sığortası bizdədirsə, o zaman vurulan maşının zərərini ödəyirik".