Əsarətə və dünya malına baş əyənlər

26 Yanvar 2016 17:24 (UTC+04:00)

Dünyanın ilk yaranışından bu günə qədər müxtəlif xarakterli və düşüncəli insanlar olub. Bu kateqoriyadan olan insanların əməlləri barədə söz açmaq, faktlar və sübutlar gətirmək fikrindən uzağam. Sadəcə, onu qeyd etmək istərdim ki, bir-iki nəfərin qlobal miqyaslı əməlləri nəticəsində minlərlə, milyonlarla insan əziyyət çəkib, kəndlər, qəsəbələr, şəhərlər yer üzündən silinib. Təkcə bir faktı qeyd etmək lazımdır ki, faşist ideologiyasının müəllifi olan Adolf Hitlerin hərisliyi nəticəsində 20 milyon əsgər, 40 milyon mülki vətəndaş isə həyatını itirdi. Eləcə də Amerika Birləşmiş Ştatlarının fərdi yanaşma nümayiş etdirən nümayəndəsinin qəddarlığı nəticəsində 1945-ci il avqustun 6-9-da Naqasaki və Xarasimo şəhərlərinə atılan atom bombası nəticəsində minlərlə insan qətlə yetirildi, milyonlarla insan isə sağlamlığından məhrum oldu. Bu gün də onun acı fəsadlarını Yaponiya və qonşu ölkələrin xalqları yaşamaqdadır.

Min il bundan əvvəl eyni xarakterdə və hərislikdə olan insan bu gün də eyni təfəkkürdə və düşüncədədir. Dəyişən yalnız onun xarici görkəmidir. Bu gün də həmin insan xalqları bir-biri ilə düşmən etmək, dövlətlərin sərhədlərini dəyişmək haqqında düşünür. Milyonlarla insanın onun bu planından əziyyət çəkdiyini, fəlakətlər burulğanında əzildiyinin fərqində deyil. Faktlara istinadən demək olar ki, dünya əhalisinin aclıqdan, səlafətdən xilas olması üçün il ərzində cəmi 30 milyard dollara ehtiyac var. Bu isə dünya ölkələrinin apardığı bir həftəlik müharibənin xərclərinin dəyəridir.

İngilis yazıçısı Viktor Hüqonun gözəl bir deyimi var: "Hiyləgər, məkrli insana öz hakimiyyətini qorumaq və xalqları əsarətdə saxlamaq üçün müharibələr yaratmağa ehtiyac var. Nə yolla olur-olsun, bu müharibələr baş verəcək".

Sarkisyanın Hitlerdən fərqi varmı?

İnsan əsarətinə, dünya malına görə bəşəriyyətə bəlalar gətirən məkrli insanlardan çox danışmaq olar. Bugünkü dünyamızda sarkisyanların və koçaryanların əməllərini yenidən qeyd etməklə bunu bir daha sübut etmək olar. 1987-ci ildən SSRİ-nin keçmiş prezidenti Qorbaçovun maddi və mənəvi dəstəyindən ruhlanan "Daşnaksütyun", "ASALA" və bu kimi erməni terror təşkilatları Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda və ona bitişik rayonlarda terror aktları həyata keçirməyə başladılar. Demək olar ki, hər gün azərbaycanlılar erməni terrorunun qurbanı olmuşlar. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistanın indiki prezidenti Serj Sarkisyanın rəhbərliyi ilə dünyanın 3 ən dəhşətli soyqırımlarından biri olan Xocalı soyqırımı həyata keçirildi. İnsanlığa və bəşəriyyətə qarşı yönələn bu cinayət Sarkisyanın şeytan qismində insanlara fəlakətlər yaşatmaq nümunəsi sayılıb. Dünyanın tanınmış siyasətçiləri, elm və dövlət xadimləri Xocalıda törədilən soyqırımı miqyasına görə dünyanın ən dəhşətli və fəlakətli soyqırımı adlandırmışlar. Hadisələrin inkişafı onu deməyə əsas verir ki, Sarkisyan və onun cinayətkar dəstəsi bu gün də xalqımıza və dövlətimizə qarşı məkrli planlarını həyata keçirməyə cəhdlər göstərir. Amma dövr və zaman dəyişdiyi kimi, Azərbaycan dövləti də öz inkişafına görə Ermənistandan dəfələrlə daha geniş şəkildə inkişaf edən dövlətə çevrilib. Bu isə Azərbaycanın istənilən vaxt tarixi haqq-hesabı çəkməyə və işğal altında olan torpaqlarını azad etməyə imkan verir.

Elə bu günlər Qazax bölgəsində qısamüddətli zərbə ilə ermənilərin nəzarətində olan Odundağ strateji zirvəsinin Azərbaycanın silahlı qüvvələri tərəfindən geri alınması buna ilk sübut sayla bilər. Təbii ki, genişmiqyaslı əməliyyatlar Azərbaycan bayrağının Xankəndidə dalğalanması ilə nəticələnə bilər. Düşünürəm ki, bu zaman heç də uzaqda deyil.