Sirr deyil ki, Azərbaycanda bəzi qeyri-hökumət təşkilatları mütəmadi olaraq qanunun tələblərini pozurlar. QHT yaradan şəxslərin özləri isə çox vaxt şəxsi varlanma məqsədi güdür və digər qanunazidd hərəkətlər edirlər ki, bunu da vətəndaş cəmiyyətində pozuculuq fəaliyyəti kimi qiymətləndirmək olar. Daha dəqiqi, onlar siyasi partiyalarla birgə siyasi oyunlara girib, sözdə "layihələr" həyata keçirdiklərini bəyanlayırlar. Aparılan araşdırmalar göstərir ki, barəsində söhbət açılan QHT-lər, əsasən Qərbin bəlli dairələrindən qrantlar alır, onların verdiyi maliyyə hesabına müxtəlif layihələr həyata keçirirlər. Bu baxımdan, adlarını müxalifət partiyası qoyan müxalif liderlər məhz həmin siyasiləşmiş QHT-lər vasitəsilə maddiyyatlarını qanunsuz olaraq təmin edirlər. Daha bir məqam Azərbaycana qarşı siyasi-iqtisadi maraqları olan bir sıra Qərb ölkələri təşkilatlarının bütün bunları bilə-bilə hələ də onlarla əməkdaşlıq etmələridir. Baxmayaraq ki, QHT-lərlə və qrantlarla bağlı qanunda dəyişikliklər edilib. Ancaq bunları nəzərə almayan QHT-lər və onların havadarları fürsət düşən kimi bu istiqamətdə əməkdaşlığı genişləndirməyə çalışırlar. Yəni ölkəmizdə bir sıra QHT-lər var ki, hələ də onların Qərblə əlaqələri çox güclüdür və bu əlaqələr qalmaqda davam edir.
Ümumiyyətlə, Azərbaycan qanunvericiliyi QHT sektorunun hər hansı bir xarici donorla əlaqələrinə heç bir maneə yaratmır. Amma təbii ki, həmin QHT-lər də bu əlaqələri, ilk növbədə milli maraqlarımızın müdafiəsinə, dövlətçiliyimizin möhkəmlənməsinə həsr etməlidir. Fəqət, bu tipli qeyri-hökumət təşkilatları bu məsələyə zidd gedərək, özünü "demokrat" adlandırır, bir çox xarici donorların pozucu təsiri altına düşür və bu istiqamətdə müəyyən layihələrin həyata keçirilməsində iştirak edirlər. Özü də belə QHT-lərlə bağlı hər hansı qanunun tələbləri tətbiq olunanda, dərhal onların müdafiəçiləri də peyda olur. Onları müdafiə edən şəxslər isə Avropa Parlamentində, Avropa Şurasında və insan hüquqları ilə məşğul olan digər beynəlxalq təşkilatlar arasında tapılır. Bu da düşünməyə əsas verir ki, nədən bu təşkilatları xarici donorlar beləcə sıx şəkildə müdafiə edirlər. Doğrudanmı onlar qanunun bütün tələblərinə əməl edir, onlara qarşı hər hansı bir təzyiq var? Əsla belə deyil! Çünki qeyri-hökumət təşkilatları ilə iş onu deməyə əsas verir ki, bir çox QHT-lər, faktiki olaraq, qanunun bütün müddəalarına əməl etməmələrinə baxmayaraq, özlərini daha çox şəffaf hesab edir, amma ətrafındakıları qeyri-şəffaflıqda ittiham edirlər. Onlar yalnız özlərini qanunların müdafiəçisi kimi qələmə verməyə çalışırlar. Bu, heç də belə deyil. Həmin qərbyönümlü QHT-lər bir çox hallarda öz nizamnamə tələblərinə belə əməl etmirlər. Üstəlik, biz həmin QHT-lərin mətbuatda hansısa bir ictimai faydalı əməyinin də şahidi olmamışıq. Deməli, bu QHT-lər ancaq bəzi xarici təşkilatların təsiri altına düşüb, ölkədə sabitliyi pozmaq istiqamətində fəaliyyət göstərməyə çalışırlar.
Unudulmamalıdır ki, qanunun tələblərinə əməl etmək hər bir QHT və vətəndaşdan tələb olunmalıdır. Çünki Avropa ölkələrinin özündə qanunlar pozulanda, oradakı QHT-lərə qarşı sərt tələblər tətbiq olunur. Ona görə də Azərbaycan QHT-ləri də ölkə qanunvericiliyinə əməl etməlidirlər. Xarici donorlarla işləyən bəzi QHT-lərin fəaliyyəti, ümumiyyətlə, yoxdur. Onlar donorların verdikləri qrantlar hesabına hansı işləri həyata keçirdiyini ictimaiyyət görməyib. Deməli, əslində, heç bir fəaliyyət həyata keçirmirlər. Yalnız həmin missioner təşkilatların xüsusi sifarişlərini yerinə yetirirlər. Xaricdən qrant alan QHT-lər məhz Qərbin buradakı maraqlarına dəstək vermək üçün çalışır. Məhz bu səbəbdən Qərb dairələri həmin QHT-lərin, hətta onlar qanunları pozmaqda davam etsələr də, fəaliyyətini dəstəkləməkdə davam edir, onları "müdafiə" etməyə çalışırlar. Beləlkilə, o da bəlli olur ki, Qərbdəki bəzi dairələr Azərbaycanda məqsədyönlü surətdə "beşinci kolon" yaratmağa çalışırlar. Məsələn, bunu bir vaxtlar siyasi təşkilatlar xəttilə etmək istədilər. Azərbaycan cəmiyyəti buna sərt reaksiya verdiyindən istəklərini yarımçıq saxladılar. Vaxtaşırı ayrı-ayrı insanları öz maraqlarına uyğun fəaliyyət aparmağa yönəldirlər. Bu formalardan biri də qeyri-hökumət təşkilatlarıdır. Göründüyü kimi bu qurumlar siyasətlə məşğul olmayan, müəyyən sosial proqramları həyata keçirən vətəndaşlar tərəfindən yaradılan təşkilatlardır. Amma onlar arasında siyasiləşməyə meyil edən, QHT hərəkatına varlanmaq vasitəsi kimi baxanlar da tapılır. Xaricdəki müəyyən dairələri məhz hökumət, dövlət əleyhinə aparılan fəaliyyət maraqlandırır və belə fəaliyyəti həyata keçirənlərə böyük məbləğlərin ayrıldığı da cəmiyyətimiz üçün artıq sirr deyil. Ancaq onlar unudurlar ki, Azərbaycan hüquqi dövlətdir və hər kəs hüquqi fəaliyyəti və əldə etdiyi gəlirlərin mənbəyinə aydınlıq gətirməlidir. Bu baxımdan, ölkəmiz əleyhinə olan QHT-lər gec-tez ifşa olunur. Bu yolun sonu yoxdur.