Bu gün Macarıstanın Azərbaycandakı səfirliyinin viza mərkəzinin açılışı keçirilib. SİA-nın məlumatına görə, açılış mərasimində Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İmre Laslotskini, Macarıstanla yanaşı, digər ölkələrin Azərbaycandakı səfirləri, diplomatik nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən səfir iki ölkə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib, əlaqələrin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən görüşlərin xüsusi rolunu vurğulayıb.
O, viza mərkəzi haqqında da məlumat verərək deyib ki, mərkəz Azərbaycan əhalisinin Macarıstana, eləcə də digər şengen ölkələrinə viza almağa dəstək göstərməklə səfərə rahat yollanmasına yardımçı olacaq: "Viza işləri ilə məşğul olacaq İnternational Azərbaycanla yanaşı, dünyanın daha 22 ölkəsində fəaliyyət göstərən BLS böyük təcrübəyə sahibdir".
BLS şirkətinin nümayəndəsi Şaylaj Bontial isə çıxışı zamanı Bakıda belə bir mərkəz açmağın təmsil etdiyi şirkət üçün böyük şərəf olduğunu bildirib. O deyib ki, mərkəz müştərilərə keyfiyyətli xidmət göstərəcək.
Daha sonra səfir və şirkət nümayəndəsi rəmzi qırmızı lenti kəsib.
Qeyd edək ki, viza mərkəzi "BLS International" beynəlxalq şirkəti tərəfindən açılıb və "Dalğa Plaza" ofis mərkəzində yerləşir. Mərkəz Azərbaycan vətəndaşlarına Macarıstana getmək üçün asan şəkildə viza əldə etməyi təmin edəcək. Vətəndaşların qəbulu isə növbəliliyin tənzimlənməsi sistemi əsasında həyata keçiriləcək. Sənədlərin qəbulu və viza verilməsi bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə günləri olacaq. Səfirin sözlərinə görə, xidmət haqqı 29 avro təşkil edəcək.