İslamabadda nəşr olunan "Diplomatic Star" jurnalında 20 Yanvar faciəsi ilə bağlı tədqiqatçı Sabah Aslamın "20 Yanvar – Bir gün necə dönüş nöqtəsi olub" adlı məqaləsi verilib. Müəllif yazır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun əsgərləri Azərbaycan xalqının azadlıq səsini boğmaq məqsədilə silahsız insanlara atəş açıb, günahsız adamlar öldürülüb, itkin düşüb və tutulub. Sovet imperiyası zaman-zaman azərbaycanlılara qarşı kütləvi qətllər və etnik təmizləmə cinayətləri törədib, erməniləri müdafiə edib.
Məqalədə vurğulanır ki, o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev Azərbaycanın bu şəhərdəki daimi nümayəndəliyinə gələrək, faciəni törədənləri kəskin tənqid edib, buna görə məsuliyyəti keçmiş SSRİ rəhbərlərinin üzərinə qoyub.
S.Aslam məqaləsində 20 Yanvar şəhidlərinin Bakının ən yüksək nöqtəsində, Dağüstü Parkda dəfn olunduğunu və həmin gündən etibarən həmin məkanın Şəhidlər xiyabanı, faciənin isə Qara Yanvar adlandırıldığını vurğulayır. Materialda deyilir ki, siyasi, mənəvi və hərbi təcavüzün qurbanı olmasına baxmayaraq, Azərbaycanın müstəqillik hərəkatı qələbə çalıb və 1991-ci il oktyabrın 18-də Azərbaycan öz müstəqilliyini bərpa edib.