Natiq Şirinov: "Sahibkarlığın inkişafına geniş imkanlar yaradılır" AÇIQLAMA

18 Yanvar 2016 10:42 (UTC+04:00)

Azərbaycan Amerika Ticarət Palatasının (AmCham) Vergilər Nazirliyi ilə birgə təşkil etdiyi "Vergi sistemində inkişaf və əməletmə" mövzusuna həsr olunmuş 5-ci illik Vergi Konfransı keçirilir. SIA-nın verdiyi xəbərə görə, çıxış edən Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov bildirib ki, Azərbaycanda həyata keçirilən vergi siyasəti ölkədə biznes mühitinin təkmilləşdirilməsinə xidmət edir.

Onun sözlərinə görə, vergi mühitinin liberallaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi dərəcələrinin optimallaşdırılması məqsədilə qanunvericiliyə hər hansı dəyişikliklər edilərkən Vergilər Nazirliyi ölkədə fəaliyyət göstərən yerli və xarici biznes strukturlarının, onların ictimai təşkilatlarının rəyini nəzərə almağa, hər bir təklifə diqqətlə yanaşmağa çalışır: "Biz vergi yolu ilə sahibkarlığın inkişafını təşviq edirik".