Heydər Məscidində vəhdət namazı FOTOLAR

15 Yanvar 2016 18:16 (UTC+04:00)

Min ildən artıqdır ki, islam dünyasının iki böyük – şiə və sünni məzhəblərinin nümayəndələri ibadətlərini fərqli şəkildə və fərqli məkanda edirlər. Tarixdə bir neçə dəfə onların vəhdətinə, birliyinə təşəbbüslər göstərilib, lakin indiyədək bu təşəbbüslər davamlı hal almayıb. Müsəlmanların müqəddəs kitabı - Qurani-Kərimdə Allah-təala bütün müsəlmanları sülhə, birliyə və vəhdətə çağırır. Bu isə indiki dünyada heç vaxt lazım olmadığı aktualdır. Belə bir dönəmdə Azərbaycan bütün dünyaya nümunə ola biləcək növbəti addım atdı.

Dünyada sünni-şiə məsələsinin qabardığı, daha doğrusu süni şəkildə qabarıldığı bir zamanda Heydər Məscidində şiələrlə sünnilər, hər gün olduğu kimi müqəddəs günlərdən olan bu Cümə günündə də növbəti dəfə vəhdət namazı qılmaq üçün bir araya gəldilər. Bu təşəbbüs Ulu Öndərin vəfatının ildönümündən başlayıb və artıq bir neçə həftədir ki, böyük dəstək qazanaraq davamlı icra edilir: həm şiə, həm də sünni məzhəbinin nümayəndələrinin vahid məkanda, bir sırada duraraq ibadət etməsi ölkəmizdə dövlət tərəfindən həyata keçirilən tolerantlıq və multikulturalizm siyasətinin nəticəsidir.

Minarədən müsəlmanlara canlı səslənən, onları ibadətə və eyni zamanda vəhdətə çağıran Azan bir həftə şiə, digər həftə isə sünni məzhəbinə məxsus azançı tərəfindən icra olunur.

Şiələrlə sünnilər qardaş kimi bir yerdə, yan-yana namaz qılırlar. Bu görüntülər əslində sadə görünə bilər, amma mahiyyətinə vardıqda, çox əhəmiyyətli və tarixi bir səhnəni ortaya qoyur. Bu məsciddə hər gün olduğu kimi Cümə namazları növbəli şəkildə - bir həftə əhli sünnənin İmamı, növbəti həftə isə əhli şiənin imamının rəhbərliyi ilə keçirilir. Əminliklə demək olar ki, Heydər məscidindəki bu təcrübə nəinki Azərbaycan, eləcə də bütün dünya üçün olduqca gözəl ənənənin əsasını qoyub.

Hacı Sabir, "Heydər" məscidinin dini rəhbəri:

– Ən fərəhli hal odur ki, Azərbaycan təcrübəsində və ümumiyyətlə dünya təcrübəsində biz nümayiş etdirdik ki, vəhdət namazı ən sevimli namazdır, Allah-təala qarşısında ən qəbula yetən namazlardan biridir. Çünki Allah-təala Qurani-kərimdə bizi bir olmağa, Allahın qüdrət ipindən yapışmağa və təfriqəyə yol verməməyə çağırır. O nöqteyi-nəzərdən islamın içərisində müxtəlif məzhəblərində olmasına baxmayaraq, insanlarımızın eyni məsciddə namaz qılması, əlbəttə ki, bu, çox fərəhli bir haldır. Lakin bir məsciddə, bir sırada, yəni bir səfdə dayanaraq namaz qılmaq hər iki məzhəbdən – bu, çox böyük göstəricidir.

Dini dözümsüzlüyün, irqi ayrıseçkiliyin və İslamofobiyanın bütün dünyada geniş yayıldığı bir dövrdə Heydər Məscidində vəhdət namazının qılınması dünyaya bir sülh mesajıdır. Bu mesaj tolerantlıq və multikulturalizm mərkəzi olan Azərbaycandan verildi: məğzi isə odur ki, məzhəbindən asılı olmayaraq müsəlmanlar qardaş-bacı kimi bir yerdə, bir məkanda, bir məsciddə namaz qılırlar. Axı məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar üçün bir Allah, bir Quran və bir Peyğəmbər var.

Hafiz Abbasov, "Heydər" Məscidinin imamı:

- Bismilləhir-rahmənir-rahim. Mən bu məscidin - "Heydər" məscidinin imamıyam. Buradakı əhli-sünnə üzrə aparılan namazlara rəhbərlik edirəm. Qardaşım – yanımda duran bu məscidin axundudur. Vəzifə tapşırılıb ki, burada əhli-şiə üzrə aparılan namazları idarə etsin, icrasında köməklik göstərsin. Biz burada hər iki məzhəbin nümayəndəsi olaraq, hər ikimiz də bu gün qılınan Cümə namazında iştirak etdik. Mən bir sıra müsəlman ölkələrində də olmuşam, orada əhli-sünnə üzrə qılınan namazların icra olunduğu məsciddə əhli-şiənin namaz qılması görünməz hal idi. Eyni zamanda da, əhli-şiə məscidi olaraq bilinən məsciddə əhli-sünnənin namaz qılması görünməz hal idi. Amma bunu mən oraya getmədən də əvvəl, gedib-gəldikdən də sonra müşahidələrimdə gördüm ki, bizim məscidlərdə - Azərbaycanımızın əksər məscidlərində əhli-sünnə, əhli-şiə - məzhəbindən asılı olmayaraq, hər kəsin üzünə açıqdır, hər kəs namazlarını burada rahat bir şəkildə, heç bir təzyiqə məruz qalmadan icra edə bilirlər.

Rüfət Qarayev, "Heydər" Məscidinin imamı:

- "Mən də cümə günü münasibətilə xalqımızı təbrik edirəm və eyni zamanda da vəhdət günü münasibətilə xalqımızı təbrik edirəm. Burada, əslində, cümə günlərinin vəhdət şəkildə qılınması xalqımızın öz istəyidir – hər iki məzhəb nümayəndələrinin təklifidir ki, biz birgə namaz qılaq. Və Allaha həmd olsun ki, biz buna nail olduq. Bu gün hər iki məzhəb nümayəndələri birgə namazlarını qılırlar və bunun üçün də bir daha xalqımızı təbrik edirəm vəhdət münasibətilə.

Heydər məscidində Şəhidlərimizin ruhuna da dualar oxundu, israf və qənaət haqqında xütbə deyildi. Bu vəhdət namazı ölkəmizdə İslam dininə olan sevgi və hörmətin təkcə sözdə deyil, həm də əməldə təsdiqidir. Azərbaycanın irəli sürdüyü bu təşəbbüsün bütün islam aləmində böyük rəğbətlə qarşılanacağı isə heç bir şübhə doğurmur. Axı, Qurani-Kərimdə də deyildiyi kimi, "həqiqətən, bütün müsəlmanlar bir-birinə qardaşdırlar"... Qardaş olan müsəlmanların vəhdət namazının məhz ulu öndərin adını daşıyan Heydər məscidində qılınması da xüsusi məna daşıyır.

Hafiz Abbasov, "Heydər" Məscidinin imamı:

- "Bildiyimiz kimi, bu il multikulturalizm ili kimi qeyd olunub. Biz də burada qıldığımız vəhdət namazları ilə bu ilə - multikulturalizm sayılan bu ilə öz töhfəmizi vermiş sayılırıq".

Rüfət Qarayev, "Heydər" Məscidinin imamı:

- "İnşallah, ümid edirik ki, bu vəhdət namazları öz töhfələrini verəcək".

Bu məscid kompleksi Prezident İlham Əliyevin tapşırığı ilə inşa olunub və 2014-cü ildə istifadəyə verilib. Gözəlliyi ilə diqqəti cəlb edən məscid "Allahın evi – Ümid ocağı" kimi müsəlmanlarla yanaşı, digər dinlərin nümayəndələrinin də üzünə açıqdır.

Hacı Sabir, "Heydər" məscidinin dini rəhbəri:

- Məscid Qafqazda ən böyük məsciddir. Minarələrinin hündürlüyü 95 metr olmaq şərtilə, demək olar, dünya ölkələrinin çoxunda bu hündürlükdə minarələr yoxdur. 4 minarədir – gördüyünüz kimi, hamısında lift işləyir. Bundan əlavə, ibadət salonları da böyükdür. Təxminən, 5000-7000 arası ibadət eləyənlər üçün nəzərdə tutulub. Onu da qeyd edim ki, "Heydər" məscidi bir məsələdə də yeganədir. Burada nəzir qutuları yoxdur digər məscidlərdə olan kimi. Dünyanın əksər məscidlərində nəzir qutuları qoyulub. Lakin belə razılığıa gəldik ki, burada nəzir qutusu olmasın. İşçilərimizin maaşları Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ödənilir. Onu da qeyd edim ki, məscidin Bakı Şəhər İcra Hakimiyyətinin balansında olması işlərimizin xeyli irəli getməyə bizə yardımçı olur.

Vətəndaşlarının əksəriyyəti müsəlman olan Azərbaycanda dövlət tərəfindən həm də rus pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikintisi, təmiri aparılıb. Avropada radikal qüvvələrin, İslamafob meyillərinin güclənməsi fonunda Prezident İlham Əliyev tərəfindən 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan olundu. "Multikulturalizm" termin olaraq bəlkə də ictamiyyət üçün yeni olsa da, onun mahiyyətinə min illərdir ki, ölkəmizdə riayət olunur. Dinindən, dilindən, milliyyətindən asılı olmayaraq, hər kəs qarşılıqlı hörmət şəraitində yaşayır.Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycanda bu sahədə nadir təcrübə əldə edilib. Tolerantlıq xalqımızın adi həyat tərzi və dövlət siyasətimizdir.Heydər məscidində vəhdət namazının artıq ənənə halını alması isə onu göstərir ki, multikulturalizm ilində də ölkəmizdə bu sahədə həyata keçirilən bütün tədbirlər uğurla yekunlaşacaq, Azərbaycanın multikulturalizm məktəbinin ənənələri və ölkəmizin tolerantlıq mərkəzi kimi əhəmiyyəti daha da artacaq.