Prezidentin məqsədi xalqın bu prosesdən zərər görməməsidir

15 Yanvar 2016 16:40 (UTC+04:00)

Biz dövlətimizin yanında olmalı, sabitliyi qorumalıyıq

Milli valyutamız olan manatın dollara nisbətdə ucuzlaşması, yəni dünyanın iqtisadi sferasında devalvasiya mühitinin yaşanması amili söz yox ki, Azərbaycana da təsirsiz ötüşməyib. Lakin bu heç də o demək deyil ki, cəmiyyət müəyyən daxili və xarici qüvvələrin bu vəziyyətdən sui-istifadə etmələrinə zəmin yaradan hallara yol verməlidir. Belə ki, Azərbaycan iqtidarının uzun illərdir ki, formalaşdırdığı sosial-iqtisadi və siyasi sabitlik faktoru devalvasiyanın ölkəmizə ciddi fəsadlar verməsinin qarşısını ala bilmək gücündədir.

Bu proses yalnız Azərbaycanı deyil, postsovet məkanı da daxil olmaqla dünyanın əksər ölkəsini əhatə edir. Daha dəqiq desək, bunun köklü səbəbi arxasında dünya bazarında neftin ucuzlaşması faktoru dayanıb. Dünyanın inkişaf etmiş bir sıra ölkələrinin iqtisadiyyatı ilk dəfə deyil bu cür hallarla qarşılaşır. Lakin hər bir problemdən bir çıxış yolu olduğu kimi, bu problemin də bir həll yolu yox deyil. Məsələn, ölkə Prezidenti Cənab İlham Əliyev Nazirlər Kabinetində keçirdiyi geniş tərkibli müşavirəsində etdiyi çıxışların hər birində çox önəmli tezislər irəli sürdü. İlk növbədə vəziyyətdən sui-istifadə edən işbazların cəzalandırılması, əhalinin banklara olan borcları ətrafında həmin sektorun aparıcı qurumlarına xüsusi göstərişlər verməsi, nazirliklərə, dövlət komitələrinə verdiyi tövsiyələri, eləcə də Azərbaycanın hətta belə bir şəraitdə inkişaf tempini qoruyub-saxlaması barədəki fikirləri özündə bir çox məqamları ehtiva etməkdədir. Artıq bununla bağlı əməli addımlar atılıb və atılmaqda davam edir. Yəni Azərbaycan xalqı anlayır və dərk edir ki, bizim hər birimiz bu məsələdə məhz dövlətimizin yanında olmalı, sabitliyi qorumalıyıq.

Dövlətimiz bu situasiyanı milli inkişaf hədəflərimizə uyğun şəkildə dəyərləndirir

Biz daha bir məqamı unutmamalıyıq ki, əslində devalvasiya heç bir halda dəhşətli fəlakət, çıxılmaz böhran deyil, əksinə, yeni fürsətlər yarada bilən situasiyadır. Bu fikirləri belə əsaslandırmaq olar ki, ölkə rəhbəri hər zaman insan amilini yürütdüyü siyasətinin tərkibi olaraq götürüb və burada əsas hədəf vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması olub. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövləti və hökuməti bu situasiyanı milli inkişaf hədəflərimizə uyğun şəkildə dəyərləndirir və problemləri aradan qaldırmağa, çətinlikləri dəf etməyə, neqativ halları isə nailiyyətə çevirmək üçün öz gücünü, iqtidarını göstərir. Əbəs yerə deyil ki, dövlət başçısı son çıxışında islahatlar barədə də önəmli mesajlar verdi.

Devalvasiya kiminsə siyasi manipulyasiya predmeti ola bilməz

Təəssüf ki, müəyyən qruplar aldıqları tapşırıqlar əsasında ölkədə devalvasiyanın yaranmasından siyasi manipulyasiya edərək, istəklərini həyata keçirmək niyyətindədirlər. Amma həmin missionerlər bilməlidirlər ki, Azərbaycan güclü dövlətdir, xalq isə hakimiyyətin yanındadır. Ölkə Prezidentinin yürütdüyü siyasət isə hər bir vətəndaşın rifahına, sosial problemlərinin həllinə yönəlib. Yəni ki, devalvasiya kiminsə manipulyasiya predmeti ola bilməz.

Başqa bir tərəfdən, devalvasiya mühitində qonşu respublikalara da nəzər salsaq, ölkəmizdəki iqtisadi durumun onlardan qat-qat üstün olduğunu görmüş olarıq. Manatın dəyərdən düşməsi heç də daxili iqtisadi amillərlə bağlı deyil. Neftin qiymətinin kəskin şəkildə azalması manatın dollar qarşısındakı dəyərini itirdi. O da nəzərdən qaçmamalıdır ki, dünya bazarında neftin ucuzlaşması təkcə iqtisadi yox, həm də siyasi faktorlarla bağlıdır. Yəni səbəblərdən biri də dünya güclərinin bir-birlərinə qarşı apardıqları yanlış siyasətdir. Bu baxımdan, bəzi insanların problemi hakimiyyətin siyasətində axtarması siyasi bilgisizliyin nəticəsidir.

Dünyada gedən iqtisadi böhran prosesindən Azərbaycan dövləti və xalqı üzüağ və alnıaçıq şəkildə çıxacaq

Məlum olan budur ki, belə bir vəziyyətdə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin əsas məqsədi xalqın bu prosesdən maksimum zərər görməməsidir. Ölkə başçısının qətiyyətli mövqeyi, iradəli və mütərəqqi addımları xalqımızın rifah halının daha da yaxşılaşdırılmasında davamlı töhfələrini verəcək. Azərbaycan xalqı da bunu bilir və dərk edir. Ona görə də hər zaman məhz Onun ətrafında sıx birləşir, Onun siyasətini dəstəkləyir və məhz Ona ümid edir.

Nəticə olaraq belə qənaətə gəlmək olar ki, dünyada gedən iqtisadi böhran prosesindən Azərbaycan dövləti və xalqı alnıaçıq və üzüağ çıxacaq və kimsənin, xüsusilə mövcud vəziyyətdən sui-istifadə edən siyasətbazların buna şübhəsi olmamalıdır.