İkinci sort müxalifət birinciləri üstələməyə çalışır

15 Yanvar 2016 13:59 (UTC+04:00)

Deyirlər ki, bir insanın təlim-tərbiyəsində, vətəndaş kimi formalaşmasında düşdüyü mühit və əhatə olunduğu insanlar mühüm rol oynayır. Yəni insanın oturub-durduğu mənfi və ya müsbət xarakterə malik şəxslər başlıca amil rolunu oynayırlar. Araşdırmalar da təsdiq edir ki, həyata qədəm qoyan gənc normal əxlaqa, nümunəvi təlim-tərbiyəyə, davranış qaydalarına malik olsa da, sonradan cinayətkara və ya idarəolunmaz insana çevrilir. Araşdırmaların davamı onu təsdiq edir ki, həmin gəncin fərqli xarakter və xüsusiyyətə malik olması onun oturub-durduğu dostları ilə bağlıdır. Məhz dostlar onlara yoldaşlıq edən yeni gənci narkotikaya qurşandırır, oğurluğa vadar edir, bir sözlə, özlərinə tay olan şəxsə çevirirlər. Bu baxımdan, atalar məsələsi səbəbsiz yerə deyilməyib ki, "atı atın yanına bağlasan həmrəng olmasa da, həmxasiyyət olar".

Qeyd olunan girişə və atalar misalına əsasən, demək olar ki, müxalifət düşərgəsində təmsil olunan partiya funksionerlərinin eyni xarakter və eyni xüsuiyyətə malik olmaları heç də təsadüf sayıla bilməz. Yəni Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Sərdar Cəlaloğlu, İqbal Ağazadə və digərləri hansı düşüncəyə və davranışlara malik olublarsa, onların cərgəsinə qoşulan yeni simalar da fərqli xüsusiyyətlərə malik deyillər. Misal üçün zamanında Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Qurban Məmmədov və bu kimi digər şəxslər əməlli-başlı normal düşüncələrə və xarakterə malik insanlar olublar. Amma müxalifət liderlərinin cərgəsinə qoşulduqdan sonra 180 dərəcə beyinləri də dəyişib. Ə.Kərimli, İ.Qəmbər, A.Hacılı kimi danışmağa və onlar kimi şər-böhtan səsləndirməyə başlayıblar.

Yedəkdə gedən müxalif partiya sədrləri də var

Radikal düşüncəyə, dağıdıcı mövqeyə malik müxalif funksionerlərlə yanaşı, bu kateqoriyadan olan məxluqların arxasınca sürünən partiya təmsilçiləri də mövcuddur. Bu kateqoriyadan olan müxaliflər ikinci sort müxalifət təmsilçiləri hesba olunmasalar da sağlam siyasət daşıyıcıları da hesab olunmurlar. Misal üçün KAXCP sədri Mirmahmud Mirəlioğlunun himayədarlıq və rəhbərlik etdiyi "Azadlıq" Siyasi Partiyalarının Əməkdaşlıq Mərkəzi dağıdıcı meyl göstərməsə də, tam konstruktiv siyasət də yürütmədiyini göstərmək olar. Bu qurumda təmsil olunan 6 partiya manatın məzənnəsi ilə bağlı yaranan vəziyyətdən istifadə etmək yarışında birinci sort hesab olunan müxalifətdən geri qalmadığını nümayiş etməyə çalışır. Dünən KAXCP qərargahında toplantı keçirən "Azadlıq" Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzində təmsil olunan partiyalar mitinq keçirmək arzusunda olduqlarını bildiriblər. ADP sədri Sərdar Cəlaloğlunun "dana oğrusu" adlandırdığı "Azadlıq" partiyasının sədri Əhməd Oruc durub-durub gözlənilmədən mətbuata açıqlama verib ki, əməkdaşlıq mərkəzi ümumi müxalifət partiyalarının birgə toplantısını təşkil edib, daha sonra kütləvi aksiyalar keçirmək fikrindədir. Düzdür, VAP sədri Elşad Musayev və "Aydınlar" partiyasının sədri Qulamhüseyn Əlibəyli aksiyaların keçirilməsi üçün konkret qərarın olmadığını bəyan ediblər. E.Musayevin sözlərinə görə, mitinq arzusu sadəcə partiyaların istəyidir.

Bu kimi faktlar onu göstərir ki, müxalifət düşərgəsində ikinci sort hesab olunan müxalif məxluqlar birincilər kimi təqdim olunan xarici maraqlı qüvvələrin əlaltılarını üstələməyə çalışırlar. Hədəflərinə nə dərəcədə nail olacaqlarını demək çətin olsa da, bir fakt mövcudluğunu qoruyub-saxlayacaq ki, tərəflər arasında çəkişmələrin yeni mərhələ üçün əsası qoyulacaq.