Naxçıvanda su təsərrüfatı sistemi müasirləşdirilir

14 Yanvar 2016 18:59 (UTC+04:00)

Kənd təsərrüfatının inkişafı və bol məhsul istehsalı torpaqların su təminatından və meliorativ tədbirlərin vaxtlı-vaxtında aparılmasından asılıdır. Bu amil Naxçıvanda diqqət mərkəzində saxlanılır. Ötən il muxtar respublikanın sututarlarına 230 milyon kubmetr su yığılıb, əkin sahələrinə nasos stansiyaları və çaylar daxil olmaqla, ümumilikdə, 210 milyon kubmetr su verilib, təkrar suvarma nəzərə alınmaqla, 173 min 467 hektar torpaq sahəsi suvarılıb.

Melioratorlar əkin sahələrində şoranlaşma və bataqlaşmanın qarşısını almaq üçün də mütəmadi tədbirlər görüblər. Ötən il 22 kilometr istiqamətləndirici bənd salınıb, 162 kilometr magistral kanal, 496 kilometr ara arxları, 73 kilometr kollektor lildən təmizlənib, 24 kilometr təzyiqli boru xətti, 8 kilometrdən artıq kaptaj və drenaj sistemi təmir olunub.

Suvarma şəbəkələrinin genişləndirilməsi də diqqət mərkəzində saxlanılıb, Aza çayından çəkilən 18 kilometrlik kanal vasitəsilə Ordubad rayonunun Dəstə kəndi suvarma suyu ilə təmin edilib. Həmçinin ötən il Araz çayında 9 kilometr məsafədə daşla sahilbərkitmə işi aparılıb.

İstifadəyə yararsız torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi əsas irriqasiya tədbirlərindəndir. "Kənd təsərrüfatı ili"ndə bu sahədə həyata keçirilən tədbirlər daha geniş vüsət alıb. Belə ki, Kəngərli rayonunun Xok kəndi ərazisində 200 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma şəbəkəsi bərpa edilib, Uzunoba gölündən qoşa boru xətti çəkilib, yeni nasos stansiyası tikilib. Bunun nəticəsində Kəngərli rayonunun Yeni Kərki, Xıncab, Təzəkənd və Böyükdüz kəndləri ərazisindəki 5 min 800 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb. Həmçinin ötən il Böyükdüz kəndi ərazisindəki 400 hektarlıq qapalı suvarma və kollektor-drenaj şəbəkəsi də bərpa olunub. Vayxır sol sahil kanalı üzərində isə Babək rayonunun Nehrəm kəndində 1170, Culfa rayonunun Bənəniyar kəndində 1050 hektar olmaqla, ümumilikdə, 2 min 220 hektar sahəni əhatə edən 241,5 kilometrlik qapalı suvarma şəbəkəsi tikilib, 77,5 kilometr məsafədə yeni drenaj xətti çəkilib, 6,5 kilometrlik kollektor bərpa olunub.

Əkin sahələrinin və əhalinin suya olan tələbatının ödənilməsində mühüm rolu olan subartezian quyuları və kəhrizlərin istismarına da diqqət artırılıb. 2015-ci ildə 17 yeni subartezian quyusu qazılıb, 19 subartezian quyusu bərpa edilib, 12 kəhriz isə təmir olunub. Hazırda 5 kəhrizdə təmir işləri davam etdirilir. Həmçinin 2015-ci ildə muxtar respublikada 38 kilometrdən artıq yeni içməli su xətti çəkilib.

Muxtar respublikanın şəhər və rayon mərkəzlərində yeni içməli su və kanalizasiya sistemlərinin qurulması sahəsində mühüm tədbirlər həyata keçirilir. 2015-ci ildə Naxçıvan şəhərində su və kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılıb. Hazırda rayon mərkəzlərində bu işlər davam etdirilir.