Prezident İlham Əliyev 2016-cı ili multikulturalizm ili elan etdi. Bu təbii ki, ölkə başçısının azərbaycanlıların mənəvi zənginliklərinə verdiyi daha bir dəyər idi. Bu ilin ölkəmizdə multikulturalizm ili elan olunması həm də burada yaşayan müxtəlif xalqların nümayəndələrinin hüquqlarını, mədəniyyətini tanıyan və bu sahədə humanist siyasət yürüdən bir dövlət olaraq tanınan Azərbaycanın həyat tərzinə çevriləcək. Belə bir cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək sahələrində bərabər hüquqlara sahiblənir. Multikultural cəmiyyətin formalaşmasında və inkişafında demokratiya mühüm rol oynayır.
Son illərdə xalqın bu milli-mənəvi dəyərinə verilən daha bir qiyməti Azərbaycan Prezidentinin 15 may 2014-cü il tarixli fərmanı ilə Bakı beynəlxalq Mutikulturalizm Mərkəzinin yaradılmasını göstərmək olar. O da məlumdur ki, mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu nizamnaməni rəhbər tutur. Hətta bu qısa zaman kəsiyində Bakı Beynəlxalq Multikulturalizm mərkəzi öz fəaliyyəti ilə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtdı. Dünyada əksər ölkələrdə multikulturalizmlə bağlı ciddi problemlər yaşanır. Son illərdə isə tolerantlıq, multikulturalizm kimi milli-mənəvi dəyərlərin azalması səbəbindən münaqişələr də yaşanır. Bu gün Şərqdə yaşanan müharibələrin, insanlıq dramın başında həm də multikulturalizmin zəif olması durur. Bəzi ölkələr isə hətta rəsmən multikulturalizmdən imtina da ediblər. Azərbaycanda isə hər şey tam əksinədir. Bizdə multikulturalizmin uzun əsrlərə söykənən tarixi kökləri var.
Ümumiyyətlə multikulturalizm cəmiyyətdə təzahür edən çoxnövlü mədəni müxtəlifliyin növlərindən biridir. Multikulturalizmin nəzəri əsasını liberalizm təşkil edir. Lakin liberalizmdən fərqli olaraq multikulturalizm qrupların da hüquqlarını ön plana çəkir. Belə bir cəmiyyətdə sosial ədalətsizliyə qətiyyən yol verilə bilməz. Necə ki bu gün bizim ölkədə bu cür ədalətsizliklər zərrə qədər də yaşanmır. Bundan əlavə multikulturalizm həmçinin tolerantlığın təcəssümü olmaqla yanaşı ölkəmizdə milli və dini münaqişələrə son qoya bilən siyasətin çox yaxşı bir modelidir. Düşünürəm ki, gənclərimiz müəyyən görüşlərdə və tədbirlərdə bu mövzuda öz fikirlərini və düşüncələrini paylaşmaqda təhlillər aparmaqda fəallıq göstərəcəklər. Bu il multikulturalizm ilinin elan olunması isə, hər bir Azərbaycan vətəndaşı kimi məni də sevindirdi və bununla bağlı təşkil olunan bir çox tədbirlərdə aktiv iştirak edəcəyim şübhəsizdir!