Nizami Kino Mərkəzi "Ümid yeri" uşaq sığınacağı sakinlərinə ABŞ istehsalı olan "Ov mövsümü" animasiya filmini nümayiş ediblər. SİA-nın verdiyi xəbərə görə, böyük maraqla filmi izləyən uşaqlar nümayişdən sonra Nizami Kino Mərkəzi tərəfindən kinomərkəzin "Nizami Restaurant & Lounge" restoranında nahara dəvət olunub. Nahardan əvvəl onlara məşhur animator "Mister White" (Oleq) tərəfindən köpük şousu göstərilib.
Balaca qonaqlar adından sığınacağın rəhbəri Nigar Mənsimli uşaqlar üçün hazırlanmış tədbirə görə bütün zəhməti olan insanlara təşəkkürünü bildirib. O, sığınacağda yaşayan, valideyn himayəsindən məhrum olan və müxtəlif səbəblərdən küçə həyatına məruz qalmış uşaqlar üçün bu tədbirlərin böyük mənəvi rolu olduğunu qeyd edib.
Nizami Kino Mərkəzinin rəhbərliyi bu xeyirxah təşəbbüsdə daima dəstəyə hazır olduğunu qeyd edib və əməkdaşlıqlarının davamlı olacağını söyləyib.



