"Dünyada neftin qiymətinin aşağı düşməsi sözsüz ki, Azərbaycan iqtisadiyyatına da mənfi təsir göstərir. Azərbaycanda iqtisadi stabilliyi saxlamaq üçün hökumət manatın devalvasiyasına gedir. Güman edirəm ki, bütün bu hərəkətlər Azərbaycanın daxilində iqtisadi sabitliyi saxlamaq üçündür. Amma təəssüf ki, sosial şəbəkələrdə, hətta bəzi şəxslərin statuslarına baxanda insanda elə təsəvvür yaranır ki, sanki ölkəmizdə hər şey bitmək üzrədir". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.
Onun sözlərinə görə, bu kimi qərəzli məqalələri, statusları yazan insanlar Azərbaycan cəmiyyətində gərginlik və depressiya yaratmağa xidmət edirlər: "Əgər ölkədə bir problem varsa, biz bir xalq olaraq əl-ələ verib onun həllinə çalışmalıyıq. Bu problemdən istifadə edərək cəmiyyətlə hakimiyyət arasında uçurum yaratmağa və onu dərinləşdirməyə xidmət etməməliyik.Təəssüf ki, ikinci devalvasiya prosesindən sonra məhz bu hallara rast gəlinir. Bu halların yaradılması isə siyasilərə, iqtisadçılara və siravi vətəndaşlara yaraşmaz. Hökumətin tədbirlər gördüyü ortadadır və müəyyən addımlar atılır".