Sahildəki qətllə bağlı cinayət işi başlayıb

5 Yanvar 2016 10:11 (UTC+04:00)

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu "Sahil" metrosunun yaxınlığında baş verən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. SİA-nın xəbərinə görə, məlumatda bildirilib ki, polis və prokurorluq orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Səbail rayonunda törədilən qətlin üstü "isti izlər"lə açılıb: "Yanvarın 4-də saat 6 radələrində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospektində yerləşən "Kofein-klub"da 25-30 yaşlı kişi kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər alaraq, xəstəxanaya aparılarkən yolda vəfat edib. Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətlə yetirilən şəxsin 1989-cu il təvəllüdlü Tural Abbasov olması müəyyən edilib. "İsti izlər"lə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Sadiq Fətullayev tutulub".

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.