Zahid Oruc: "UZİ" aparatı ilə qızları bədəvi ərəblər kimi öldürürük"

29 Dekabr 2015 13:48 (UTC+04:00)

Milli Məclisin payız sessiyasının bu gün keçirilən son iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanun layihəsinə dəyişiklik müzakirə edilib. SİA-nın məlumatına görə, müzakirələr zamanı deputat Zahid Oruc çıxış edərək bildirib ki, tibb müəssiələri və bağçalar özəlləşdirilməlidir.

Onun sözlərinə görə, Azərbaycanda pulsuz tibbi xidmət yoxdur və ona görə də gələcəkdə bu məsələyə baxış genişlənməlidir: "Yeni xəstəxanalar, diaqnostik mərkəzlər tikilir və yüksək avadanlıqlarla təhciz olunur. Həkimlərimiz bu texnologiya ilə insanlarımızı ayağa qaldıra bilmir və onlar xairici ölkələrə müalicəyə gedirlər. Bir neçə gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oğlanların sayının qızları üstələdiyi ilə bağlı açıqlama yaydı. Biz sadəcə ana bətnində "UZİ" aparatı ilə qızları bədəvi ərəblər kimi öldürürük. Azərbaycan qızları çatışmayanda millətin geninin dəyişilməsi prosesi gedəcək. "UZİ" aparatlarını neytrallaşdıran xeyli addımlar atmışdıq. Amma bu proses cəmiyyətdə gedir. Qızları vəsf etsək də, bunu real həyatda görmürük, oğlan sifətli cəmiyyət qururuq. Qanunvericilikdə elə bir addımlar atmalıyıq ki, bu aparatlar sağlamlıq üçün yarasın, gələcək övladı itirmək üçün yox".

Spiker Oqtay Əsədov deputata cavab verib ki, dərdi deyəndə dərmanı da fikirləşmək lazımdır: "Necə etmək olar? Məsələn, uşaq bağçalarının özəlləşməsini təklif edirsiniz. Bir uşaq üçün bağçada xərclər ən azı 100 manatdır. Bir uşağa normal yemək-içmək üçün kənd yerində bağçaya 100 manat pul verilməsi mümkün olmur. Dünyanın heç yerində dövlət bağçaları özəlləşmir".

Deputat Sədaqət Vəliyeva isə bildirib ki, nigaha girənlərdən sağlamlıqla bağlı arayış istənilsə də, çoxları cavabları gözləmədən ailə qurur: "Tibbi sağlamlıqla bağlı cavabı gözləmədən tərəflər dini nigahla evlənirlər. Cavab gələndə ki, onlar müxtəlif xəstəliklərə yoluxub, bu zaman gec olur. Ona görə təklif edirəm ki, din xadimlərimiz bu məsələdə bizə yarımçı olsunlar və rəsmi nigah olmadan dini nigah edilməsin".