Xəzər İsayev: "Ayrı-ayrı qurumlarda gənclərə böyük ehtiyac var" AÇIQLAMA

25 Dekabr 2015 10:59 (UTC+04:00)

"Bu gün Azərbaycanda ayrı-ayrı qurumlarda gənclərə böyük ehtiyac var. Ölkəmizdə bütün sahələrdə gəncləşmə siyasəti aparılır". Bu sözləri SİA-ya açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev deyib. O qeyd edib ki, gənclər müəyyən təşkilatlarda yerlərini tutur, ölkəmizin gələcəyi üçün öz bilik və bacarıqlarından istifadə edirlər: "Milli Məclisdə də yeni Gənclər və idman komitəsi yaradılıb. Bu komitədə Azərbaycan gəncləri və idmançıları üçün çox önəmli məsələlər müzakirə olunacaq, lazım gəlsə, həmin məsələlər Parlamentin iclaslarına çıxarılacaq. Bütün gənclər və idman ictimaiyyəti bu komitə ilə sıx əməkdaşlıq edəcək".

MOK-un vitse-prezidenti bildirib ki, Azərbaycan gənclərinin aparıcı hissəsindən biri də idmançılardır. Vurğulayıb ki, idmançılarımız 2015-ci ildə yüksək nailiyyətlər əldə ediblər.

X. İsayev ölkəmizdə keçirilən birinci Avropa Oyunlarının Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini göstərdiyini qeyd edib: "Dünyaya bildirdik ki, ölkəmiz dünyanın ən böyük idman tədbirlərini keçirməyə qadirdir".

O vurğulayıb ki, 2015-ci ilin ən yaddaqalan hadisələrindən bir də Beynəlxalq "Fair Play" Komitəsi ilə Avropa "Fair Play" Hərəkatının ilk birgə konqresinin və Avropa "Fair Play" Hərəkatının 21-ci Baş Assambleyasının Bakıda təşkil olunmasıdır: "Prezident İlham Əliyev Beynəlxalq "Fair Play" Hərəkatının xüsusi medalı ilə təltif olundu. Bu, cənab Prezident tərəfindən Azərbaycanda görülən əvəzedilməz işlərin, birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinin məntiqi nəticəsidir".

MOK-un vitse-prezidenti 2016-cı ildə də idmançılarımızın yüksək nəticələr qazanacağına əminliyini bildirib.