"Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladıqca və beynəlxalq ictimaiyyət də buna susqunluqla yanaşdıqca, müharibənin baş vermə ehtimalı böyükdür". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq-norma və prinsipləri çərçivəsində ədalətli həllinin tərəfdarı olsa da, lakin müharibənin baş verməsi də istisna deyil: "Cənab Prezident İlham Əliyevin də dediyi kimi "Biz nəticəsiz danışıqları sonsuzluğa qədər aparmaq fikrində deyilik". Bu sərt və prinsipial mövqe qarşı tərəf və ATƏT-in Minsk qrupunun həmsədrləri üçün çox ciddi qəbul olunmalıdır. Əks halda regionda irimiqyaslı müharibə başlana bilər.
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistandan konstruktiv mövqe sərgiləməyi tələb etməlidirlər. Prezidentlərin Bern görüşündə isə biz bir daha nə Ermənistanın, nə də ATƏT-in Minsk qrupu həmsədrlərinin buna hazır olmadıqlarını gördük".
"Ermənistan Müdafiə Nazirliyi sözçüsünün səsləndirdiyi fikirlər beynəlxalq aləmin diqqətini çaşdırmağa yönəlib: "Atəşkəsi dəfələrlə pozan tərəf Ermənistana dəfələrlə xəbərdarlıq edilib ki, bunun cavabı daha ağır olacaq. Bu gün cəbhədə baş verən gərginliyə görə Ermənistan məsuliyyət daşıyır. Onlar Azərbaycanla müharibəyə cəsarət etməz".