Məmmədrza Şeyxzamanovun yubileyi qeyd edilib

16 Dekabr 2015 10:48 (UTC+04:00)

Dövlət Film Fondunda xalq artisti, görkəmli teatr və kino aktyoru Məmmədrza Şeyxzamanovun 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tTədbirdən əvvəl iştirakçılar aktyorun fondun arxivində qorunan foto arxivi ilə tanış oldular. Sərgilənən fotolarda sənətkarın müxtəlif filmlərdə yaratdığı obrazlar əksini tapıb.

Tədbiri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Məmmədrza Şeyxzamanovun teatr və kino yaradıcılığı haqqında məlumat verdi. Bildirildi ki, Azərbaycan kinosunda aktyorun özünəməxsus xidmətləri olub. Onun kinoda yaratdığı silsilə obrazlar daim tamaşaçıların yaddaşındadır. "Alma almaya bənzər" filminin sınaq çəkilişləri zamanı yaddaqalan xatirələrini bölüşən Cəmil Quliyev aktyorun kino yaradıcılığının bu günədək tədqiq edilmədiyini də vurğulayıb.

Əməkdar artist Elxan Qasımov isə "Əhməd haradadır" filminin çəkilişlərindən xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Məmmədrza Şeyxzamanovun xarakterik xüsusiyyətləri, özünəməxsus obrazı barədə danışan aktyor onun qayğıkeş və səmimi bir insan olduğunu bildirdi.

Əməkdar incəsənət xadimi, kino tədqiqatçısı Aydın Kazımzadə aktyorun filmlərdə yaratdığı obrazların səciyyəvi xüsusiyyətləri haqqında danışıb. Eyni zamanda xatirələrini bölüşərək əlavə etdi ki, sənətkarın rol aldığı ekran əsərlərini iki qrupa bölmək olar. Birinci qrupda aktyor obrazı oynamaqla yanaşı sanki özünü oynayır, ikinci qrup filmlərdə isə o öz daxili aləmini də unudaraq tamamilə fərqli bir sənətkarlıq nümayiş etdirirdi. Bütün bu rollar onun keçdiyi keşməkeşli həyat yolunda aldığı dərslərin təsiri idi.

Bildirilib ki, Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 1954-cü ildən Azərbaycan Dövlət Akademik Dram Teatrında fəaliyyətə başlayıb. Teatrda "Göz həkimi"ndə Şahbazov, "Fərhad və Şirin"də Xosrov, "Vaqif"də Qacar, "Otello"da Otello, "Aydın"da Aydın kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradıb.

Aktyor böyük ekrana ilk dəfə 1955-ci ildə "Bəxtiyar" filmində Rəcəbov rolu ilə çıxıb. Sonrakı illərdə "Qızmar günəş altında"da Alı kişi, "Leyli və Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Əhməd haradadır"da Şirin, "Onu bağışlamaq olarmı" filmində polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm kimi obrazlar yaradan aktyorun sənəti bu gün gənclər üçün bir məktəbdir. Məmmədrza Şeyxzamanov 1984-cü il yanvarın 25-də vəfat edib.

Tədbirin sonunda sənətkarın qızı Afaq Şeyxzamanova atası haqqında xatirələrini danışıb, təşkilatçı və iştirakçılara təşəkkürünü bildirib.