Belə qalsalar yaxşıdır...

9 Dekabr 2015 19:47 (UTC+04:00)

Görün bir iş nə yerə çatıb ki, bu gün artıq bütün müxalifləri təmsil edən şəxslər hansısa birlikdən, müxalifətin vahid düşərgədə təmsil olunmasından və sairə mətləblərdən danışırlar. Bununla bağlı müxtəlif təkliflər irəli sürür, diskussiyalar təşkil edirlər. Ən maraqlı məqam ondadır ki, hər kəs bu tip birliyin tərəfdarı olduğunu bəyan etsə də, heç kim bu istiqamətdə konkret addımlar atmaqda maraqlı görünmür. Elə bu səbəbdən də sözügedən mövzu ilə bağlı təşkil olunan bütün dəyirmi masalar, görüşlər, müzakirələr sonda fiaskoya uğrayır. Hazırda arenada varlığını qoruyub-saxlamağa çalışan birlik və bloklarda təmsil olunan şəxslər, daha dəqiq desəm, bu gün müxalifətin ən öndə gedən ünsürləri uzun illərdir ki, yerlərində sayır, qabağa getmək əvəzinə hər ötən gün bir qədər də geriləyirlər. Onlar hər seçki ərəfəsində tərəfdarlarına, hətta bütün ölkə vətəndaşlarına boğazdan yuxarı vədlər verir, lakin sonradan məğlubiyyətin acısını dadmaq bir yana, insanların inam və etibarını ciddi şəkildə sarsıdırlar. Maraqlı məqam ondadır ki, müxalifət liderləri ümidləri puça çıxarsalar da, hər dəfəsində yeni adda, lakin dəyişməz formatda, eyni tərkibdə hansısa blok yaradır və özlərini iqtidarın real qüvvəsi kimi təqdim etməyə çalışırlar. Bu isə kənardan gülməli görünür. Əslində isə, bu gün Azərbaycanda mövcud iqtidara real rəqibi ola biləcək qüvvə, siyasi təşkilat, birlik, blok-filan yoxdur. Bu gedişlə də yaxın müddətdə olacağı inandırıcı görünmür. Mövcud vəziyyət həm mətbuatın, həm də, sadəcə vətəndaşların, eləcə də bir çox siyasilərin məhz bu cür düşünməsinə səbəb olur.

Məlum faktdır ki, Müsavatın sabiq başqanı İsa Qəmbər, eləcə də hazırkı başqan Arif Hacılı ilə AXCP sədri Əli Kərimli, həmçinin, onların rəhbərlik etdikləri siyasi təşkilatlar arasında uzun illərdən bəri yaşanan rəqabət, birincilik uğrunda savaş həlledici məqamlarda özünün ən sərt fazasına qədəm qoyur. Əsas problem, daha doğrusu, mübahisə və münaqişə də məhz bundan sonra başlayır. Yəni tərəflər bir-birini dağıdıcılıq fəaliyyətilə məşğul olmaqda, müxalifəti zəiflətməyə yönəldilmiş addımlar atmaqda, birliyin əldə olunmasına süni maneələr yaratmaqda və digər məsələlərdə günahlandırır. Qəribəsi də odur ki, hamı özünün haqlı, qarşı tərəfin isə haqsız olduğunu göstərməyə çalışır. Bütün bunlar isə, öz növbəsində cəmiyyətin ümumi müxalifət düşərgəsinə olan inamsızlığını bir qədər də genişləndiri. Artıq hamı olmasa da, əksəriyyət bu qənaətdədir ki, müxalifət düşərgəsində təmsil olunan bir sıra siyasi təşkilatlar milli maraqları şəxsi mənfəətlərinə qurban verdiyindən, ən azı yaxın 5-6 il ərzində heç bir birlikdən-filandan danışmağa dəyməz. Çünki nəticə etibarı ilə müxalifətin birlik ideyası sonda elə ideya olaraq qalır. Əslində isə "vahid platforma", "vahid düşərgə", eləcə də müxalifətin digər birlik formalarını reallaşdırmaq o qədər də çətin və müşkül məsələ deyil. Bunun çox sadə və asan resepti var. Məsələn, yetərincə siyasi iradə və obyektivliyi, bir az konstruktivliklə, bir qədər təəssübkeşlik və azacıq demokratiya ilə bir yerdə yaxşıca qarışdırdıqdan sonra unikal bir məlhəm hazırlamaq olar. Əmin ola bilərsiniz ki, əgər müxalifət liderləri bu reseptə əməl etsələr, onda qısa zaman ərzində qarşılıqlı ittihamlara, umu-küsülərə son qoya, neçə illərdir həsrətində olduqları birliyi reallaşdıra bilərlər. Lakin nədənsə düşərgə təmsilçiləri ortaq məxrəcə gəlməkdən daha çox bir-birinin bostanına daş atmağa üstünlük verirlər. Elə isə davam etsinlər. Belələrinin hakimiyyətə iddialı olub, bu yolda mübarizə aparıb iqtidara yiyələnməklərindənsə, belə vəziyyətdə qalmaları yaxşıdır...