Kəngərli rayonunda bu ilin on ayında 219 nəfər ixtisasına uyğun işlə təmin edilib. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Kəngərli rayonunda təşkil olunan növbəti əmək yarmarkasında məlumat verilib.
Yarmarkada rayon Məşğulluq Mərkəzinin direktoru Səxavət Həsənov çıxış edərək, rayon əhalisinin məşğulluğu istiqamətində görülən işlərdən söhbət açıb.
Qeyd edilib ki, bir insanın əmək fəaliyyəti, məşğulluğu təkcə onun və ailəsinin maddi tələbatının ödənilməsinin təminat vasitəsi kimi dərk olunmur, daha geniş anlamda, ümumən, cəmiyyət və məmləkət üçün faydalı olan, daim yeniliyə, iqtisadi irəliləyişə xidmət edən bir proses kimi dəyərləndirilir.
Bildirilib ki, Kəngərli Rayon Məşğulluq Mərkəzi tərəfindən işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasını asanlaşdırmaq və sürətləndirmək məqsədilə aktiv məşğulluq tədbirlərinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü işlər aparılır.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev belə tədbirlərin rayonda fəaliyyət göstərən qurumların ixtisaslı kadrlarla təminatında mühüm rolu olduğunu deyib.
Vurğulanıb ki, muxtar respublikada, eləcə də Kəngərli rayonunda yeni iş yerlərinin açılması, infrastrukturun ən müasir tələblər səviyyəsində qurulması sosial rifahın təmin olunmasına müsbət təsir göstərib. Əmək potensialının keyfiyyətcə yüksəldilməsi, layiqli əməyin təminatı, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Sonra yarmarkaya gələnlər boş iş yerləri ilə tanış olublar. 15 təşkilatdan 81 boş iş yerinin çıxarıldığı yarmarkada 16 nəfərə işə göndəriş verilib.