Bəlkə Azərbaycan da Rusiyadan üzr istəsin?

26 Noyabr 2015 15:01 (UTC+04:00)

Türkiyə-Suriya sərhəddində baş vermiş məlum insidentdən sonra, ölkəmizin müxtəlif çevrələrində açılan müzakirələrin hərəsi bir "epopeya", hərəsi bir "dahilik" simvoluna çevrilib. "Millətçilikdən" tutmuş, "demokratik baxışlara" qədər irəli sürülən mövzular bitib-tükənmək bilmir. Əslində bu, başa düşüləndir. Uzun zamandır informasiya qıtlığı içindəyik və məlum insident informasiya aclığı yaşayan cəmiyyətə göydəndüşmə oldu. Beləliklə…

Beləliklə, Türkiyə bizim strateji müttəfiqimiz, Rusiya isə yaxın dostluq siyasəti yürüdən qonşumuzdur. İndi bunun səmimi, ya da qeyri-səmimi olmasını da qoyaq bir kənara. Yəni bir atalar misalı kimi, yuxarı tüpürürsən bığdır, aşağı tüpürürsən saqqal. Ancaq məsələ ondadır ki, nəyin bahasına olursa-olsun, bizim qardaş Türkiyənin yanında dqayanmağımız mövcud hadisələr fonunda cərəyan edən hadisələr baxımından mütləqdir. Mütləqdir ona görə ki, hər iki dövlətin ortaq tarixi, ortaq mədəniyyəti, ortaq dili, ortaq dini və s. onlarla amilləri mövcuddur. Ən azından, erməni məsələsində hər iki dövlət eyni nöqtəyə vurur.

Lakin düşündürücü digər məqamlar da var. Məsələn, Rusiya rəhbərliyi iddia edir ki, Türkiyə qırıcısı Rusiya bombardmançısına atəş açmasıyla, arxadan zərbə vurmuş oldu (?-R.) Niyə əcəba? Demək belə çıxır ki, Rusiya Suriyadakı anti-terror əməliyyatları zamanı etnik türklərin - türkmanların yaşadığı ərazini vaxtaşırı şəkildə bombardman edirsə, günahsız soydaşlarımız orada öldürülürsə, bu Türkiyəyə arxadan vurulan zərbə deyil, amma Türkiyə onun sərhədlərini pozan, soydaşlarını bombalayan rus təyyarəsini vurub-sıradan çıxarırsa, olur arxadan zərbə? Yeri gəlmişkən, bəzi ağzıgöyçək mənbələr ələkçiyə qılverənlik edən kimi iddia edirlər ki, guya Suriyadakı türkmanlar "Əl-Nüsra" terror təşkilatının üzvləridirlər. Ancaq bu belə deyil, ola da bilməz! Bilməyənlər üçün deyək ki, Suriya türkmanları Bəşər Əsədə qarşı döyüşən, eləcə də "Əl Nüsra"ya, "İŞİD"ə qarşı da mübarizə aparan Azad Suriya Ordusunun tərkibindədirlər. Yəni türkmanların terrora-filana qətiyyən aidiyyatı yoxdur. Belə olan təqdirdə Rusiya nəyə görə onları hədəfə alıb, özü də Türkiyə ilə sərhəd zolağında? Bax, bu suala cavab vermək lazımdır, nəninki "Türkiyə bizi arxadan vudru" iddiasını səsləndirmək yerinə.

Daha bir arqiment gətirək. Tutaq ki, rus şovinistlərinə qarşı döyüşən Ukrayna yaxın müttəfiqlərindən biri olan Türkiyədən "Donetsk Xalq Respublikası", ya da "Luqansk Xalq Respublikası"nda olan separatçıları məhv etmək üçün havadan hərbi dəstək istədi və Türkiyə də Ukraynaya bu yardəmı göstərdi. Necə ki, Rusiya "İŞİD"i və "Əl-Nüsra"nı bombalayır, Türkiyə də Ukraynadakı rusiyameylli separatçıları bombalayacaq. Maraqlıdır, əgər Türkiyə Rusiyanın sərhəd zolaqlarına yaxın bu əməliyyatları keçirərsə, Rusiyanın qırıcıları Türkiyənin bombardmançılarına xəbərdarlıq etmələrinə rəğmən, bombardmançılar geri çəkilməzsə şimal qonşumuz hansı addımları atar? Çox maraqlıdır, onlar bu suala hansı cavabı verərdilər?

Ancaq sonda daha bir məsələyə, xüsusilə yazının əvvəlində qeyd etdiyim bir məsələyə toxunmaq istərdim. Çox təəssüf, amma çox təəssüf ki, bizim bəzi media nümayəndələrimiz, millət vəkili olan kəslər Türkiyənin Rusiyadan üzr istəməli olduğunu deyirlər. Etika xətrinə onların adlarını açıqlamasam da, artıq bu barədə informasiya saytlarında, sosial şəbəkələrdə məlumatlar öz əksini tapıb. Sadəcə, həmin kəslərin kim olması üçün ipucu vermək istərdim. Biri vaxtilə İsgəndər Həmidovun "Boz Qurd" Partiyasında müavini olmuş adamdır, hazırda qəzetlərdən birinə baş redkatorluq edir. Üstəlik millət vəkilidir! O biri üçrəqəmli qəzetin baş redaktorudur, zamanında müsavatçılıq və pantürkizm ideologiyası prizmasından çıxış edən adamdır, digəri isə sol yönümlü müxalifət partiyasının sədri və həm də yeni seçilən millət vəkilidir. Yəqin ki, ipucundan nəticə çıxara biləcək dəyərli oxucularımız.

Onlara da sualım var – Bəlkə sizlər Türkiyənin Rusiyadan üzr istəməsindən sonra Azrbaycan da Xocalı soyqırımına görə, Kremlin sözçüsü Jirinovskinin yenidən "Böyük Ermənistan" ideyasını səsləndirməsinə görə, Rusiyanın Ermənistandakı hərbi bazalarına görə üzr istəməlidir?! İstəməlidir, cənablar, ya yox???!!!