"Gartner" analitik şirkəti qlobal mobil telefon bazarı üzrə tədqiqatının nəticələrini dərc edib. İnkişaf etməkdə olan ölkələrdə mobil telefonlara tələbatın artması nəticəsində bu ilin üçüncü rübündə bu bazarın həcmi 3,7 faiz artıb.
Ekspertlərin hesablamalarına əsasən, 2015-ci ilin iyul-sentyabrında dünyada 478 milyon adi telefon və smartfon satılıb. Bir il əvvəl bu göstərici 461 milyon olub.
"Samsung Electronics" şirkəti mobil telefon bazarında liderliyini qoruyub saxlayıb, bazar payı 21,4 faiz təşkil edib. İkinci pillədə qərarlaşmış "Apple" korporasiyası ötən rüb 46,1 milyon "iPhone" satıb ki, bu da ötənilki göstəricidən 7,9 milyon çoxdur. Nəticədə ABŞ korporasiyasının bazar payı 8,3-dən 9,6 faizədək artıb. 30,3 milyon satılmış aparat və 6,3 faiz bazar payına malik "Microsoft" korporasiyası üçüncü pilləyə yerini dəyişib. Bir il əvvəl bu göstərici müvafiq olaraq 43,1 milyon və 9,4 faiz olub.