Yeni ailə modelləri

17 Noyabr 2015 13:41 (UTC+04:00)

Qadın taleyi, qadının cəmiyyətdəki mövqeyi, ictimai-siyasi həyatdakı rolu və ailədəki yeri əsrlər boyunca bəşəriyyəti düşündürən mühüm məsələlərdən olmuşdur. Təsadüfi deyildir ki, gender bərabərliyinin hökm sürdüyü cəmiyyətlərdə belə, dövlətlər qadın siyasətinə xüsusi diqqət ayırmışlar. Çünki qadını xoşbəxt olan cəmiyyət xoşbəxtdir. Qadını savadlı olan millət gözüaçıqdır, daim inkişafa meyllidir. Qadını qoçaq və bacarıqlı olan ailə heç vaxt ac qalmır. Ağıllı qadının tərbiyə verdiyi övlad fərasətli olur. Geniş erudisiyalı, dünyagörüşlü ana zamanın sınaqlarına tab gətirə biləcək oğullar-qızlar böyüdür. Üzügülər və xoşxasiyyət arvadın əri hər zaman özünə inamlıdır, enerjilidir, qurub-yaratmağa həvəslidir.

XXI əsrin Azərbaycan qadını dövlətimizin müstəqilliyi şəraitində çox nailiyyətlərə imza atıb. Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan dövlətinin yürütdüyü qadın siyasəti cəmi yüz il əvvəl çadradan çıxmış Azərbaycan xanımlarını ictimai-siyasi fiqura çevirib. Bu gün ana və bacılarımız cəmiyyət həyatında yaxından iştirak edən vətəndaş kimi, xalqımızı və millətimizi uca tribunalarda ləyaqətlə təmsil edirlər. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva kimi!

Hazırda yalnız ölkə daxilində deyil, bütün dünya miqyasında Azərbaycan naminə böyük işlər görən, uğurlu fəaliyyət göstərən onlarca örnək xanımların adını çəkə bilərik. Lakin məqsədimiz bu deyil. Xatırlatmaq istəyirik ki, qazandığı bütün nailiyyətlərlə yanaşı qadın ilk növbədə qadındır. İctimai fəallığı ilə yanaşı şəxsi həyatı, özünəməxsus arzu və istəkləri, ailə ocağına ehtiyacı olan məxluqdur. Zərif olduğu qədər də möhkəm, gözəl və yaraşıqlı Azərbaycan xanımları ailənin müqəddəsliyinə xüsusi önəm verirlər. Amma bu gün qurulan ailələr ənənəvi Azərbaycan ailələrindən xeyli fərqlənir. Sürətlə dəyişən, hər gün yeniləşən zəmanəmizdə bir çox milli-mənəvi dəyərlər kimi, ailə mentaliteti də dəyişir, yeni ailə modelləri meydana çıxır.

Heç birimiz unutmamışıq: alman faşizmi üzərində beş il sürən 1941-1945-ci illər müharibəsindən sonra sovet respublikalarında tənha qadınlar, tək analar, "qarımış" qızlar problemi meydana gəldi. Ölkə əhalisi arasında cinsi tənasübün pozulmasından, qadınların sayca kişiləri üstələməsindən qaynaqlanan bu problem onilliklər boyunca cəmiyyətin ağrılı probleminə çevrildi. (Təəssüf ki, indi də Azərbaycanda oğlanlar sayca qızları üstələyir və yaxın 15-20 ildə bunun doğurduğu problemlərlə qarşılaşacağıq.) Xüsusilə kənd yerlərində minlərlə qız həyatını tənhalıqda başa vurdu: nişanlı qız kimi forslana bilmədi, gəlinlik səadətini dadmadı, ərinə nazlana bilmədi, analıq sevincini yaşamadı, nənə olmadı, özündən sonra nəsli qalmadı...

Slavyan mənşəli və digər xalqların qızları özlərinə yaxşı-yaman bir çıxış yolu tapsalar da, milli mentalitetə və Azərbaycan adət-ənənəsinə sadiq olan bizim qızlar, sözün əsl mənasında, bu problemin qurbanı oldular. İstəməyərəkdən düçar olduqları aqibət onları ruhdan saldı. Ürəklərində nisgil qaldı. Ancaq ağır və acı talelərini qürurla yaşadılar. Cəmiyyətə faydalı vətəndaş kimi bütün imkanlarını səfərbər etdilər. Maddi-mənəvi imkanlarını, qəlblərindəki sevgini-hərarəti isə doğmalarının rifahı üçün sərf etdilər. Çünki insanın dünyaya gəlişi missiyası çoxfunksiyalıdır və onu ancaq bir funksiya ilə məhdudlaşdırmaq cahillikdir. Ailə qurdu-qurmadı insan özünü ifadə etmək üçün kifayət qədər meydan tapır. Onlar da tapdılar.

Qloballaşan dünyada insanın tənhalaşması problemi indi beynəlxalq miqyasda sosioloqları və psixoloqları düşündürən məsələdir. Özü də təkcə qadınların deyil, həm də kişilərin tənhalaşmasının fəsadları gündəmdədir. Yeri gəlmişkən qeyd edək ki, güclü cinsin nümayəndəsi sayılan kişilər tənhalığı daha ağır yaşayırlar. Adəm və Həvvadan üzü bəri yasamın mənasını birgəlikdə görən, nəsil artırmaq üçün bir araya gələn bəşər övladı – kişi və qadın daim bir-birinə möhtacdır.

Müasir dövrdə hər insanın öz tayını (öz yarısını) tapa bilməsi də kifayət qədər çətindir. Kəndlər urbanizasiyaya uğrayır, elm və texnikanın sürətli inkişafı əhalini əsasən şəhər yerlərində məskunlaşmağa vadar edir, meqapolislərdə isə qonşu qonşusunu tanımır. Səhər işə, axşam evə tələsənlərin tanışlıq çərçivəsi get-gedə daralır... Telekanallarda evləndirmə proqramlarının meydana gəlməsi də məhz bu ehtiyacın ödənilməsi məramından doğub. Qonşu Rusiyanın, qardaş Türkiyənin telekanallarında çoxumuzun seyr etdiyimiz o proqramlar səviyyəsindən asılı olmayaraq xeyirxah missiya daşıyır. Bir ara Azərbaycan teleməkanında da bu təcrübə sınaqdan çıxarıldı. Proqramları seyr etdikcə görürük ki, insanlar ünsiyyət, qulaq həyanı, məişət çətinliklərində dəstək, maraqlı-mənalı ömür sürdürmək, övlad sahibi olmaq və s. mənasında ailə qurmağa ciddi ehtiyac duyurlar. Və bu ehtiyacın yaş məhdudiyyəti, "yaşı ötmüşlər" problemi yoxdur.

Qəribəsi budur ki, nə qədər inkişaf etsək də, yaşadığımız XXI yüzillikdə də "yaşı ötmüş qızlar" zehniyyətindən xilas ola bilməmişik. Yaradılışdan ağlı, qabiliyyəti, sosial mahiyyəti, fiziki imkanları, bəşəri dəyəri və ictimai funksiyaları ilə kişilərdən fərqlənməyən zərif cinsin nümayəndələrinə belə münasibət günümüzdə gülünc görünür. Lakin o da var ki, bugünkü "yaşı ötmüşlər" dünənkilərdən deyildirlər. Onlar öz həyatlarının memarı olmağı yaxşı bacarırlar. Yaxın tariximizdəki qadın talelərinin, acı aqibətin şahidi (ya şəxsən, ya da dolayısı ilə) olmuş Azərbaycan qızları bu gün şəxsi həyatlarına dair qərarları kimsənin ixtiyarına vermirlər. Nəticədə yeni ailə modelləri meydana gəlir. Qızlarımız xoşbəxt olmaq haqlarını əllərində möhkəm saxlayır, bu uğurda hər cür sıxıntıya sinə gərirlər. Aralarında büdrəyəni, istəmədən yanlış yollara düşəni də olur. Ancaq "özü yıxılan ağlamaz" deyiblər. Belələri "düşdükləri quyudan" özləri çıxmağa çalışır... Bəxti gətirənlər isə cəmiyyətin gözündə qalib mövqeyinə ucalır, şəxsi həyatlarına dair aldıqları qərarın nəticəsi ilə doğmaların qəlbində iftixar doğururlar.

Qızların ailə qurmaq yaşlarını təsnifatda ümumiləşdirsək, görərik ki, 18-30 yaşlarında olanlar çətinlik çəkmədən özlərinin seçdikləri həmyaşıdları ilə ailə qura bilirlər. Bu halda əsasən, milli adət-ənənəyə uyğun ailələr qurulur (hətta cavanlar internet vasitəsilə tanış olduqda da).

30-40 yaş arası "subaylıq sultanlıqdır" deyən qızlar üçün həyəcan təbilinin çalındığı dövrdür. Bu mərhələyə qədəm qoymuş qızlar artıq öz ayaqları üstündə dayanan, konkret məşğuliyyəti, işi və sənəti olan, müəyyən nailiyyətlər qazanmış yetkin vətəndaşlar olduğundan onların seçim etməsi çətinləşir. Həmyaşıdları olan oğlanlar arasında subayların sayı azaldığından, bəzən bu yaşda tək qalmış xanımlar boşanmış və ya dul qalmış kişilərlə izdivaca girirlər. Əsas məsələ tərəflərin bir-birini başa düşməsi və qəbul etməsidir. Mentalitetimiz üçün xarakterik olmasa da, bu dövrdə xanımların özündən 5-10-15 yaş kiçik olan cavan oğlanlarla ailə qurması hallarına da tez-tez rast gəlinir. Hətta ailə qurub ayrılmış, uşaqları olan qadınlarla subay gənclərin evlənməsi də dövrümüzün nəzərəçarpan yeniliklərindəndir. Və bu ailələrin sonrakı taleyi, möhkəmliyi ətraf mühitin təsiri, qohumların necə münasibət bəsləyəcəyi ilə sıx bağlı olur.

40 yaşından sonra tənha qalmış xanımlar (istər anadangəlmə subay olsun, istər boşanmış) ailə qurmaq istədikdə tanışların vasitəçiliyindən tutmuş, sosial şəbəkələrin xidmətinədək bütün yollardan istifadə edirlər. Maraqlı haldır ki, bu mərhələdə başqa millətlərin nümayəndələri ilə izdivaca girənlərə də rast gəlinir. Sosial şəbəkədə bir-birini tanıyıb-bəyənən, sevib-seçən şəxslər ailə qurduqdan sonra bəzən onların birgəyaşayışı mümkün olmur. Çünki bu yaşadək hərəsi özünün mənsub olduğu cəmiyyətdə vaz keçilməsi mümkün olmayan mövqe qazandığından nə qadın, nə də kişi yaşadığı yeri və evini, işlədiyi işini, minbir tellə bağlı olduğu doğmalarını, taleyinə və ya yaşamına məsul olduğu insanları, bir sözlə, makro və mikromühitini tərk edə bilmir.

Belə ailələr qurulduqda ərlə arvadı birgəyaşayış deyil, daha çox mənəvi tellər bağlayır. Uzaq-uzaq ellərdə yaşayan cütlüklər il ərzində cəmi bir neçə dəfə (işindən və maddi imkanlarından asılı olaraq) görüşə, birgə ömür sürə bilirlər. Əsasən sosial şəbəkələr, skayp və digər rabitə vasitələri ilə əlaqə saxlayırlar. Belə ailə modeli Azərbaycan cəmiyyəti üçün tam yenidir, lakin artıq kifayət qədər örnəyi vardır. Sadiq, vəfalı Azərbaycan qadınları uzaq diyarlardakı ərin yolunu sədaqətlə gözləyir və onu baş tacı etməkdən usanmırlar. Əslində, mahiyyət tamam fərqli olsa da, bizim qadınlarımız üçün bu heç də yenilik deyil. Çünki Azərbaycan qadını vaxtilə çörək dalınca Rusiyaya, Ukraynaya, Qazaxıstana... yollanmış, aylarla üzünü görmədiyi ərinin yolunu gözləməyə öyrəncəlidir.

Qadınlar öz yerində, bu tip yeni model ailələrdə dünyaya gələn uşaqların da həsrət, intizar payı az olmur. İnformasiya texnologiyalarının xidmətindən nə qədər istifadə etsələr də, telefon və ya skayp vasitəsilə nə qədər danışsalar da, yanında atanın varlığını hiss etməyən uşaq darıxır... Nəzərə almaq vacibdir ki, qarışıq millətlərlə izdivacdan doğulmuş körpələrin başqa problemləri də var: ana vətən və ana dili problemi! Həmin ailələrdə böyüyən uşaqların şəxsiyyət kimi formalaşma prosesində atanın, yoxsa ananın vətənini və dilini seçməsi məsələsi də çox amillərdən asılı olan və gələcəkdə çox mətləblərə yol aça bilən məsələ olaraq qalır.

Dövrümüzdə çox şey dəyişib. Ailə münasibətləri də həmçinin. İndi qızın (qadının) ər evinə köçməyi vaciblik kəsb eləmir, kişinin evi yoxdursa, o, qadının evinə yerləşir. Subayın subayla evlənməsi də mütləq deyil. Tərəflər bir-birini bəyənib qəbul edirsə, subay kişi ilə uşaqlı boşanmış qadının (bunun əksi xalqımız arasında həmişə məqbul sayılıb) ailə qurması normal hal sayılır. İzdivaca girənlərin bir dam altında yaşaması da vacib deyil. Əsas odur ər-arvad məsafə etibarilə uzaqlığı özünə problem etməsin. "Qadın kişidən yaşca böyük ola bilməz" stereotipi də aradan qalxıb. İnsanların xarakteri, psixoloji yaş həddi, maraqları uyğun gəlirsə, buna heç məhəl qoyan yoxdur. Rəsmi nikahı qüvvədə saxlayaraq eyni evdə ayrı yaşayan cütlüklər də var. Rəsmi nikahda olmadan övlad dünyaya gətirənlər də çoxdur. Belə ki, zəmanənin sürprizləri bitmir. Təki, qurulan ailələr xoşbəxt olsun, cəmiyyətin aparıcı qüvvəsinə, dövlətin əsasına çevrilə bilsin...