Əlibaba Abdullayevin 100 illiyinə həsr edilmiş seminar keçirilib

12 Noyabr 2015 16:46 (UTC+04:00)

Bu gün Bakı Xoreoqrafiya Akademiyasında peşəkar rəqqas, xalq Artisti Əlibaba Abdullayevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki seminar keçirilib. SİA-nın məlumatına görə, Akademiyanın elm və yaradıcılıq işləri üzrə prorektoru Sonaxanım İbrahimova rəhbərlik adından qonaqları salamlayaraq bildirib ki, Xalq artistinin 100 illik yubileyi silsilə şəkildə mədəniyyət müəssisələrində qeyd edilir. Bakı Xoreoqrafiya Akademiyası olaraq Dövlət Filarmoniyasında keçiriləcək yekun yubiley tədbirinə tələbələrimiz də böyük şövqlə hazırlaşırlar. Azərbaycan rəqs sənətinə böyük töhfələr vermiş Əlibaba Abdullayevin qoyduğu sənət yolu bu gün təhsil ocağında uğurla inkişaf və davam etdirilir.

Daha sonra BXA-nın milli rəqslər kafedrasının müdiri, əməkdar artist Sənan Hüseynli məruzə ilə çıxış edərək ustad sənətkarın həyat və yaradıcılığı haqqında danışdı. Azərbaycan rəqs sənətinin banilərindən biri olan Əlibaba Abdullayevin xoreoqrafiya və milli rəqs sənətimizdə böyük məktəb qoyduğunu vurğulayan natiq rəqqasın Üzeyir Hacıbəyli ilə birlikdə Azərbaycan Dövlət Filarmoniyasında yaratdığı rəqs ansamblının tarixindən danışdı. Qeyd edildi ki, görkəmli bəstəkarlarımız Tofiq Quliyev, Soltan Hacıbəyov, Cahangir Cahangirovla birlikdə rayon və qəsəbələri kənd-kənd gəzən rəqqas folklor rəqs nümunələrimizi toplayaraq onları böyük səhnəyə çıxarıb. İlk dəfə Bakı şəhərində özfəaliyyət rəqs kollektivlərinin yaradılmasında da sənətkarın böyük əməyi olmuşdur. Bu kollektivlərin rəqslərinə quruluş verərək onların Ümumittifaq festivallarda uğurla çıxışlarına nail olmuşdur. Əlibaba Abdullayev Azərbaycan rəqs sənətinin tarixində yeganə rəqqas sənətkardır ki, beynəlxalq festivallarda ölkəyə 8 qızıl, 1 gümüş və 3 bürünc medal qazandırıb. Sənətkar "Azərbaycanfilm" kinostudiyasında 20-dən artıq bədii, "Telefilm" yaradıcılıq birliyində 80 sənədli filmə, Musiqili Teatrda isə 30-a yaxın rəqsə quruluş verib.

Tədbirdə çıxış edən sənətkarın tələbələri Xalq artisti, rəqqasə Roza Cəlilova, Əməkdar artistlər Aliyə Ramazanova, Kamil Dadaşov, Əməkdar mədəniyyət işçisi, çəkməçi Əli Əhmədov sənətkarla bağlı xatirələrini bölüşdülər. "Naz eləmə" rəqsinin real tarixçəsini haqqında məlumat verən Roza Cəlilova həmçinin tədbir iştirakçılarının nəzərinə onu da çatdırdı ki, rəqqasın 1954-cü ildə quruluş verdiyi "Qaragöz" rəqsi düz 61 ildən sonra yenidən səhnəyə qayıdacaq. Bu rəqs ilk dəfə Rusiyanın paytaxtı Moskva səhnəsində ifa edilib. Natiqlər rəqs sənətindəki uğurlarına görə böyük sənətkara ehtiramlarını ifadə ediblər.

Tədbirin sonunda Əlibaba Abdullayevin qızı Elmira xanım çıxış edərək Mədəniyyət və turizm nazirliyinə, BXA-nın rəhbərliyinə təşəkkürünü bildirdi. Atasının sənət yolunu layiqincə davam etdirən Azərbaycan rəqs sənətinin nümayəndələrinə daim axtarışda olmağı arzulayaraq zərif eyni zamanda şərəfli sənət yolunda uğurlar arzuladı.

Seminar boyunsa sənətkarın quruluş verdiyi rəqslərdən nümunələr, filmlərdən fraqmentlər nümayiş olundu. BXA-nın tələbələrinin ifasında "Naz eləmə", "Tərəkəmə" rəqsləri də böyük maraqla qarşılanıb.