Tarix İnstitutunda Prezidentin tapşırıqlarının icrasına başlanıldı

12 Noyabr 2015 13:12 (UTC+04:00)

Noyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İnstitutdan SİA-ya verilən xəbərə görə, qurumun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Elmi Şurada Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağındakı parlaq nitqinin əhəmiyyətini xüsusi vurğulayıb: "Tarix İnstitutu adından, Elmi Şura adından Cənab Prezidentə təşəkkür edirik. Prezident İlham Əliyevin parlaq nitqi alimlərimiz, o cümlədən tarixçilərimiz və Tarix İnstitutu üçün ən yüksək mükafatdır".

Ölkə başçısı AMEA-nın yubileyindəki nitqində tarix elmlərindəki son duruma toxunub və bildirib ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb, İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olub: "Çox şadam ki, mənim tövsiyəmlə İrəvan xanlığı haqqında çox sanballı elmi əsər yaradılıb, bir neçə xarici dilə tərcümə edilibdir. Bu əsərlər faktlar, həqiqətlər üzərində yaradılır".

Prezident daha sonra nitqində müstəqillik dövrünə həsr edilən sanballı elmi əsərin yaradılması vaxtının gəlib çatdığını qeyd etmişdir: "Gələn il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. Hesab edirəm ki, o vaxta qədər əgər belə sanballı elmi əsər yaradılarsa, bayramımıza çox yaxşı töhfə ola bilər".

Yaqub Mahmudov dövlət başçısının tarix elmləri haqda dediklərini Tarix İnstitutunun fəaliyyətinə verilən ən yüksək qiymət kimi dəyərləndirmiş və o, bildirmişdir ki, Elmi Şuranın iclasında gündəliyin baş məsələsi müstəqillik dövrünə həsr edilən "Azərbaycan Respublikasının İnkişaf Strategiyası yeni mərhələdə" adlı yeni kitabın nəşrə hazırlanmasıdır. Y.Mahmudov kitabın nəşri ilə bağlı tarixçi-alimlərə konkret tapşırıqlarını verdi və bildirdi ki, ölkə başçısı tərəfindən tarixçi-alimlərin qarşısına olduqca məsul vəzifə qoyulub: "Cənab Prezident Tarix İnstitutunda aparılan tədqiqatların birbaşa təşəbbüskarıdır. İnstitutdakı araşdırmalar dövlət başçısının çağırışları və tapşırıqları əsasında həyata keçirilir".

Tarix İnstitutunun Elmi Şurasında Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunacaq kitabın müəllif heyəti məyyənləşdirilib. Yaqub Mahmudov Elmi Şurada tarixçi-alimlərə kitabın hazırlanması ilə bağlı tapşırıqlarını vermiş və kitabın yazılması ətrafında elmi müzakirələr aparılıb.