Noyabrın 8-də Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı ilə "Zirvə" ziyalılar təşkilatının yaranmasının 11 illiyi qeyd edilib. Tədbirdə, həmçinin bu təşkilatın gənclər birliyinin sədri Ləman Mirtalıblının "İstedadlı gənclərimiz İlhamla irəli" kitabının təqdimatı olub. Bu barədə muzeyin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə çıxış edən muzeyin direktoru, Əməkdar Elm Xadimi Röya Tağıyeva deyib ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Bildirilib ki, müxtəlif səpkili tədbirlərə, sərgilərə, görüşlərə imza atan Azərbaycan Xalça Muzeyinin növbəti təşəbbüsü gənclərə dəstək olmaq, onlara Vətənimizə layiq övlad olmaları üçün yol göstərməkdir. Buna görə də hər dəfə bu sərgilərdə tanınmış ictimai xadimlər, rəssamlar, müxtəlif sənət, elm, mədəniyyət və siyasət adamlarının da iştirakı təşkil olunur. Onlar da yetişən gəncliyi mədəniyyətimiz və incəsənətimiz haqqında məlumatlamdırmağı və maarifləndirməyi özlərinə borc bilirlər. Belə tədbir və sərgiləri ilə Xalça Muzeyi cəmiyyətimizdə maarifləndirmə və məlumatlandırma işlərini mütəmadi aparır.
"Zirvə" ziyalılar təşkilatının rəhbəri Minayə Dəyanət isə təşkilatın yaranması və onun iş fəailiyyəti haqqında məlumat verib. Qeyd olunub ki, təsis olunduğu gündən "Zirvə"nin əsas məqsədi uşaq evlərinə, kimsəsizlərə mənəvi-maddi yardım göstərmək, yaradıcı insanların yubiley tədbirlərini, sərgilərini keçirmək, xalqımızın mədəni irs və dəyərlərin yaşadılmasına xidmət etməkdir.
Uzun illər Azərbaycan radiosunda çalışan peşəkar diktor Eldost Bayram, kitabın müəllifi Ləman Mirtalıblı, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu və başqaları çıxış edərək bu cür tədbirlərin gələcək nəsillər üçün çox faydalı olacağından bəhs ediblər.
Tədbirin bədii hissəsində isə Prezident mükafatçısı, Əməkdar Artist Fərqanə Qasımovanın ifasında bir-birindən gözəl musiqi nömrələri səsləndirilib.