Ehram Məcidov: "İlk raundda ermənini nakaut etdim" AÇIQLAMA

5 Noyabr 2015 16:24 (UTC+04:00)

"Dörd il idi ki, rinqlərdə görünmürdüm. Makidoniyada keçirilən dünya çempionatında ayağımın qırılması səbəbindən idmançı karyeramı dayandırıb, məşqçi kimi fəaliyyət göstərirdim". Bu sözləri SİA-ya açıqlamasında kikboksinq üzrə yeniyetmələr və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Ehram Məcidov deyib. O, hazırlıq səviyyəsinin əvvəlki kimi olmamasına baxmayaraq, yenidən döyüşlərə qatıldığını və dünya ikincisi olduğunu qeyd edib: "WAKO versiyası üzrə dünya çempionatında həm yeniyetmələr və gənclərdən ibarət yığma komandanın baş məşqçisi kimi, həm də 94+ kq çəki dərəcəsində "kiklayt" növü üzrə idmançı kimi qatılmışdım.

Dörd döyüş keçirdim. İlk döyüşdə dünya və Avropa çempionu macar idmançısı ilə qarşılaşdım. İlk görüş mənim üçün vacib idi və qələbə qazandım. Növbəti döyüşdə gənc Avropa və dünya çempionatı mükafatçısı italyan idmançı ilə üz-üzə gəldim. Zədələrimə baxmayaraq, onu da 3:0 hesabı ilə məğlub etdim. Yarımfinalda rəqibim erməni əsilli Ukrayna idmançısı idi. Ermənistan Kikboksinq Federasiyası dünya və Avropa çempionatına buraxılmadığına görə, onların idmançıları Rusiya və Ukrayna komandalarında çıxış edirlər. Bu döyüşün ilk raundunda ermənini nakaut etdim. Finalda isə Avropa çempionu, təcrübəli Polşa idmançısı ilə qarşılaşdım. İlk raundda qələbə qazandım. İkinci raundda zədəli olduğuma görə ayaqlarımda güclü ağrılar hiss etməyə başladım. Buna baxmayaraq, sona qədər döyüşdüm. Çox cüzi fərqlə-1-2 xalla rəqib qələbə qazandı. Ancaq fəxri kürsünün ikinci pilləsinə qalxdım".

E.Məcidov dünya çempionatında yarışan yetirmələrindən razı qaldığını deyib: "Yetirmələrimdən razı qaldım. Gənclər arasında döyüşən son Avropa çempionları Zöhrab Əzimov və Çingiz Əhmədzadənin böyüklər arasında dünya çempionatında yarışması da çox sevindirici haldır. Onlara da nəzarət edirdim. Şükürlər olsun ki, gənclərdən iki Avropa çempionu böyüklər arasında dünya çempionatında üçüncülük əldə etdilər. Bu, çox böyük göstəricidir".