"Apple Pay" mobil ödəniş servisi cari ilin sonunadək "American Express" maliyyə şirkəti ilə əməkdaşlıq sayəsində Kanada və Avstraliyada istifadəyə veriləcək. SİA-nın məlumatına görə, bu barədə "Apple" rəhbəri Tim Kuk şirkətin dördüncü rübdə maliyyə fəaliyyətinə həsr edilən telekonfrans zamanı bildirib. Şirkət rəhbəri həmçinin əlavə edib ki, 2016-cı ildə ödəniş xidməti Honkonq, Sinqapur və İspaniyada istismara veriləcək.
Nəzərinizə çatdıraq ki, 2014-cü ilin sentyabrında təqdim edilən "Apple Pay" ABŞ-da oktyabrın sonunda rəsmən istifadəyə verilib. Sistem istifadəçilərə "MasterCard", "Visa" və "American Express" kartlarındakı məlumatları "Passbook" əlavəsinə daxil edərək sonradan onlardan alış-veriş ödənişləri üçün istifadəyə imkan yaradır. Ödəniş "iPhone 6" modelinə quraşdırılan "NFC" çipi vasitəsilə həyata keçirilir.
"Apple Pay" vasitəsilə ödənişlər edilərkən yeni kart yaradıldığına görə satıcılar əsas vəsaitlərin olduğu çıxış məlumatlarını almır. Hazırda "Apple"ın ödəniş servisi "McDonalds", "Apple Store", "Walgreens", "Macy's", "Disney" və digər mağazalar tərəfindən dəstəklənir.