Məntəqələr səsvermə gününə hazırdır

28 Oktyabr 2015 22:29 (UTC+04:00)

Noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərə üç gün vaxt qalıb. Respublikamızın hər yerində olduğu kimi, 110 saylı Zaqatala seçki dairəsinin məntəqə seçki komissiyalarında da ölkəmizin ictimai-siyasi həyatı üçün mühüm əhəmiyyət daşıyan bu məsul kampaniyaya hazırlıq işləri mütəşəkkil qaydada başa çatıb. Dairənin tərkibinə daxil olan 47 seçki məntəqəsinin hər biri səsvermə gününə tam hazır vəziyyətə gətirilib.

Dairənin tərkibində olan 10 saylı seçki məntəqəsi rayonun Aşağı Tala kəndindəki 5 nömrəli tam orta məktəbin binasında yerləşir. Məntəqənin ərazisindəki xüsusi lövhələrdə namizədlərin fotoları və seçiciləri səsverməyə dəvət edən çağırışçı plakatlar diqqəti cəlb edir. Seçici siyahıları sonuncu dəfə dəqiqləşdirilərək məntəqədə asılıb.

Məntəqə seçki komissiyasının sədri Güldənə Ramazanovanın bildirdiyinə görə, məntəqə üzrə 1200 seçici qeydə alınıb. Onların arasında yaşı səksəni ötmüş 5 seçici də var. Üç nəfər gənc isə bu seçkilərdə ilk dəfə səs verəcək. Bütün seçicilərə səsvermənin yeri və vaxtı barədə bildirişlər paylanıb. Seçki məntəqəsi bütün zəruri avadanlıq və texniki vasitələrlə, dayanıqlı rabitə sistemi ilə təmin olunub. Komissiya üzvləri üzərlərinə düşən məsuliyyəti dərindən dərk edir, səsvermə gününə çox ciddi hazırlaşırlar.

Yuxarı Tala kəndindəki 2 nömrəli tam orta məktəbin binasında yerləşən 14 saylı seçki məntəqəsi də səsvermə gününə tam hazırdır. Məntəqə seçki komissiyasının sədri Nailə İsmayılova bildirib ki, məntəqə üzrə seçicilərin ümumi sayı 1366 nəfərdir. Ən ahıl seçici Ayşat Osmanovanın 86 yaşı var. Səsvermə günü Ayşat nənənin, eləcə də məntəqəyə gəlməyə çətinlik çəkən ahıl və xəstə seçicilərin evlərinə daşınan seçki qutularının göndərilməsi nəzərdə tutulur. 85 yaşlı Kəlmət Əliyeva isə səsvermədə şəxsən iştirak etmək arzusundadır. Ümumiyyətlə, bu məntəqə üzrə 12 seçicinin yaşı səksəndən çoxdur.

Seçkilərin şəffaf keçirilməsində məntəqə seçki komissiyaları üzvlərinin üzərinə böyük məsuliyyət düşdüyünü deyən komissiya sədri qeyd edib ki, komissiya üzvləri səsvermə gününün prosedurları barədə tam təlimatlandırılıblar. O qeyd edib ki, seçki məntəqəsi zəruri avadanlıq və vasitələrlə, o cümlədən elektrik generatoru və etibarlı rabitə sistemi ilə də təmin olunub.

Dairənin tərkibinə daxil olan digər seçki məntəqələrində də səsvermə gününə hazırlıq işləri tam başa çatıb.