Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, komissiya sədri Məzahir Pənahov iclası açıq elan etdikdən sonra Azərbaycan Respublikası MSK-nın 20-22 oktyabr və 24 oktyabr 2015-ci il tarixli iclas protokolları səsə qoyularaq komissiya üzvləri tərəfindən təsdiq olunub.
Daha sonra MSK katibi Mikayıl Rəhimov tərəfindən bəzi dairə seçki komissiyalarının tərkibində edilən dəyişikliklər haqqında məlumat verilib.
MSK katibi Arifə Muxtarova tərəfindən isə 2015-ci il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlər haqqında ətraflı məlumat verilib.
İclasda Müsavat Partiyasının Masallı rayon təşkilatının sədri Xasay Səfəroğlunun şikayətinə baxılıb. 71 saylı Masallı kənd seçki dairəsindən namizədliyini irəli sürən X.Səfəroğlu müraciətində onun seçkiqabağı təşviqat zamanı keçirdiyi görüşlərə maneçilik törədilyini iddia edib. X.Səfəroğlu müraciətində bildirib ki, seçicilərlə görüşdən sonra kənd sakinləri ilə söhbəti zamanı ona icra nümayəndələri əngəl olublar, bununla bağlı DSK-ya müraciət edib. DSK isə onun şikayətini təmin etməyib.
MSK-nın Ekspert Qrupunun araşdırılması nəticəsində məlum olub ki, DSK X.Səfəroğlunun müraciətinə baxan zaman yanlışlığa yol verib. X.Səfəroğlunun müraciəti qismən təmin edilib.
MSK-nın üzvləri Qabil Orucov, Validə Kazımova şikayətlər barədə fkirlərini bildiriblər.
Sonda cari məsələlərə baxılıb.