Hər zaman olduğu kimi, bu gün də dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğı göz önündədir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gəncliyi cənab Prezident İlham Əliyevin düşünülmüş siyasətini birmənalı olaraq dəstəkləyir və ətrafında yumruq kimi sıx birləşib. Gənclik hər zaman ölkəmizin və onun maraqlarının qorunmasında öz aktiv fəaliyyəti ilə əllərindən gələni etməyə çalışır. Düşünürəm ki, bu hər bir Azərbaycan vətəndaşının və hər bir vətənpərvər Azərbaycanlının ümdə vəzifəsidir. Sevindirici haldır ki, bu gün gənclik ölkənin bütün sferalarında-ictimai, siyasi, iqtisadi,mədəni və digər sahələrdə öz aktiv fəaliyyəti ilə seçilir. Eyni zamanda gənclər müxtəlif dövlət orqanlarında-bələdiyyələrdə, parlamentdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz tövhələrini verirlər.
Gənclər ölkədə baş verən bütün proseslərdə məsuliyyətini dərk edərək yaxından və aktiv iştirak edir. Dövlətimizin gənclərin fəaliyyəti ilə bağlı yaratmış olduğu geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqart qüvvəsinə çevrilmişdir. Hər bir ölkənin perspektiv inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq, gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual və kreativ qüvvəyə çevrilməsindən asılıdır. Çünki, gənclər zamanın istənilən zaman kəsimində böyük yaradıcı və eyni zamanda, dağıdıcı gücə malik olduğundan, onların düzgün istiqamətləndirilməsi nəticəsində dövlətçiliyin gələcəyi sığorta altına alınmış olur. Bu da bir faktdır ki, gənc nəslin inkişaf səviyyəsi həmin dövlətin və ya cəmiyyətin sosial-iqtisadi, mənəvi-mədəni, eyni zamanda, siyasi həyatının tərəqqi göstəricisinə çevrilir. Yəni, gənclərə göstərilən diqqət və qayğı dövlətin perspektiv inkişafından xəbər verir. Bu mənada da müasir Azərbaycan dövlətinin gələcəyi işıqlıdır və zəmanətlidir. Ona görə ki, bu gün Azərbaycanda gənclər dövlət siyasətinin mühüm hissəsini təşkil edir və bu sahədə praqmatik siyasət yürüdülür.
Ölkənin hakim və lider partiyası - Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən ictimai, sosial, mədəni, siyasi xarakterli layihələrdə uğurla təmsil olunan YAP gəncləri dövlətin daxili və xarici siyasətinin gənclər arasında təbliği, asudə vaxtlarının səmərəli təşkili və ümumilikdə dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində üzərinə düşən missiyanı həyata keçirməyə çalışmışdır. Dövlətin siyasi sütunu olan YAP sıralarında 660 mindən çox üzv birləşib. Bu sıralarda gənclər mütləq əksəriyyət təşkil edirlər. Bu təkcə statistika deyil, o cümlədən, Azərbaycan reallığına verilən qiymət və cənab Prezident İlham Əliyevin uğurla həyata keçirmiş olduğu daxili və xarici siyasətə olan inamın ifadəsidir.
Gənclər hər zaman Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycançılıq ideologiyasını, cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət xəttini dəstəkləmişdir. "Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" - deyən, Prezident İlham Əliyev qərarları ilə Ulu öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini təsdiq etdi. Məhz, 2005-ci ildə "Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009) təsdiq edilməsi haqqında" imzalanmış sərəncam gənclərə olan dövlət qayğısının davamı idi. "Neft gəlirlərini insan kapitalına" çevirən Prezident İlham Əliyev bu işdə də gənclərin üzərinə böyük məsuliyyət qoydu və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"nı təsdiqlədi. Həmçinin, 2007-ci ilin ölkədə "Gənclər ili" elan edilməsilə Prezident İlham Əliyev gənclərin inkişafına nə qədər böyük önəm verdiyini ortaya qoymuş oldu. Hətta, 2011-ci ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul edilməsilə dövlətimizin başçısının "Bugünkü gənc sabah ölkəmizi idarə edəcək" tezisindən doğan gənclərə etimad və münasibətin əyani təzahürü oldu. Bunlarla yanaşı, gənclərin hərtərəfli inkişafı üçün Gənclər Mərkəzinin, Gənclər Fondunun və Gənclər Evinin yaradılması, gənc ailələrin dəstəklənməsi, ipoteka şərtlərinin sadələşdirilməsi və s. gəncliyin daha həvəslə çalışmasına və dövlətçiliyin müdafiəsində fəal iştirakına əlavə stimul verdi.
Eyni zamanda, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın da gənclərə xüsusi qayğısı qeyd olunmalıdır. Məhz, birinci xanımın sədrliyi ilə Bakıda "Gənclərin məşğulluq sammiti" nin keçirilməsi həmin diqqətin əyani isbatıdır. Təkzibolunmaz faktdır ki, gənclərimizin həm Azərbaycanda, həm də xaricdə dəstəklənməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da xüsusi rolu var. Elə "Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı" çoxşaxəli fəaliyyəti ilə gənclərimizi milli maraqların qorunması məqsədi ətrafında sıx birləşdirir və Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır. Göründüyü kimi, yürüdülən gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər.
Bir sözlə, bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir və biz gənclər bundan sonra da dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq, anti-Azərbaycançı şəbəkələrin dəstəyi ilə ölkədə sabitliyi pozmağa cəhd göstərən radikalların çağırışlarını qətiyyətlə rədd edəcək və arxalandığımız Prezident İlham Əliyevin göstərdiyi etimadı doğruldacağıq.