Braziliyada dünyanın ən təhlükəli yarışlarından biri keçirilib. Cəngəllikdə təşkil olunan marafonda 254 kilometr məsafəni qaçmalı olan idmançılar yol boyu dəfələrlə ölümlə burun-buruna gəlib. Ölüm ehtimalı hər nə qədər yüksək olsa da, dünyanın dörd bir yanından atletlər bu çətin qaçışda iştirak etmək üçün yarışın keçirildiyi Amazon hövzəsinə axın edib. Yarışın nə qədər təhlükəli olmasına gəlincə, təkcə onu demək kifayətdir ki, 254 kilometrlik yolda idmançılar gah piranya, anakonda və timsahla dolu olan su hövzələrinin içindən keçməli olub, daha da zəhərli ilanların mələşdiyi, yaquarlarla dolu meşələrdə irəliləyiblər.
Xoşbəxtlikdən ölüm-itimin qeydə alınmadığı yarışda almaniyalı Tomas Vittek bütün rəqiblərini qabaqlayıb. Əzmkar idmançı uzun yolu 40 saat 10 dəqiqə ərzində başa vurub. Yarışı ikinci yerdə tamamlayan ispaniyalı Andres Yedo çempiondan 10 dəqiqə gec gəlib. Qadınlar arasında isə latviyalı Alma Vitola 56 saat 48 dəqiqəlik göstərici ilə həmcinslərini üstələyib.
Hər il keçirilən cəngəllik yarışında veteranların da iştirakı əlçatmaz deyil. Ömrünün ahıl çağında Argentinadan Amazon meşələrinə gələn 64 yaşlı Luis Barko fəxri ünvana layiq görülüb.