Natiq Məmmədov: "Əsas hədəf işimizin mükəmməl qurulmasıdır"

7 Oktyabr 2015 09:45 (UTC+04:00)

Azərbaycan Respublikasının 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində "Trenerlər üçün treninq"lərə başlanılıb. SİA-nın məlumatına görə, bununla bağlı keçirilən tədbirdə Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Natiq Məmmədov, MSK Katibliyinin müdiri Rövzət Qasımov və digərləri iştirak edib.

Tədbirdə seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki günü prosedurları və müstəsna hallar, səslərin sayılmasına hazırlıq. Seçki bülletenlerinin təsnifatı, səslərin sayılması və yekun protokolun doldurulması və digər mövzular müazkirə edilib. Milli Məclisə seçkilərlə əlaqədar 2 mərhələləli treninq layihəsi hazırlanıb. Start verilən birinci mərhələdə treninqlərin seçki dairələrinin hər birindən 2 nəfərin iştirakı ilə keçirilməsi və 4 gün davam etməsi nəzərdə tutulur.

MSK sədrinin müavini Natiq Məmmədli deyib ki, bu kimi görüşlər artıq ənənə halını alıb: "Sizlərin seçki prosesində rolu və əhəmiyyəti önəm kəsb edib. Əsas hədəfimiz işimizin mümkün qədər mükəmməl qurulmasıdır. Bu tədbirlərin içərisində maarifləndirmə tədbirləri xüsusi yer tutur. Yaddaşların təzələnməsi əsas hədəf kimi götürülməlidir. Kütləvi İnformasiya Vasitələri bizə bu işdə yaxından köməklik göstərirlər. Məhz bunun nəticəsidir ki, seçicilərimizin seçkiyə münasibəti xeyli dəyişib".

Xatırladaq ki, aşağı seçki komissiya üzvlərinin treninqinə oktyabrın 12-dən başlanılacaq. MSK treninq qrupu tərəfindən yerlərdə keçiriləcək treninqlərin cədvəli hazırlanıb və kiçik qruplar şəklində hər treninq sessiyasında 36 komissiya üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulur.

Maarifləndirmə tədbirlərində, ümumilikdə 30 mindən artıq aşağı seçki komissiyası üzvünü əhatə edir.