“Müflisləşmə və iflas haqqında" qanun təkmilləşdirilməlidir" TƏKLİF

5 Oktyabr 2015 16:01 (UTC+04:00)

"Azərbaycanda "Müflisləşmə və iflas haqqında" qanun mövcuddur. Sadəcə olaraq bu qanunun işlənmə mexanizmi yoxdur. Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Azər Mehdiyev söyləyib.

İqtisadçı bildirib ki, bazar iqtisadiyyatının ən vacib institutlarından biri müflisləşmədir: "Rəqabət, bazar iqtisadiyyatı şəraitində müəssisələrin fəaliyyəti zamanı risklər mövcuddur. Bu rəqabət mübarizəsində uduzanlar da var. Belə ki, öz öhdəliklərini yerinə yetirə bilməyən şirkətlərin müflisləşməsi qaçılmaz olur. Bu prosedurların hüquqi müstəvidə həyata keçirilməsi, yaranan öhdəliklərin ödənilməsi qaydalarının həll edilməsi vacibdir. Belə ki, müflisləşmə prosesində müəssisənin sağlamlaşdırılmasından iflasına qədər davam etdirilərək hüquqi çərçivədə bütün münasibətlərin tənzimlənməsi üçün "Müflisləşmə və iflas haqqında" qanunun ciddi şəkildə işlək mexanizminin olması zəruridir. Hazırda belə qanunun olmasına baxmayaraq, bunun məhkəmələrdə icrasına maneçilik olan problemlər ortaya çıxır. Buna görə də "Müflisləşmə və iflas haqqında" qanunun təkmilləşdirilməsi, onun işlək hala salınması, bazar və ölkə iqtisadiyyatı üçün vacibdir. Bu yalnız hüquqi şəxslərə şamil edilməməlidir, eyni zamanda fiziki şəxslərin də müflisləşməsi məsələləri qanunvericilikdə öz əksini tapmalıdır. Onu da deyim ki, bu nümunə ilə yaxın vaxtlarda Rusiyada da fiziki şəxslərin "Müflisləşməs və iflası haqqında" qəbul olunub".