“Hardasan indi?” ŞEİR

3 Oktyabr 2015 10:44 (UTC+04:00)

Ey məni özünə "can" bilən canan.

Canımdan can çıxır, hardasan indi?

Deyirdin "kədərə atmaram səni"

Həsrət məni yıxır, hardasan indi?

-Canımdan can çıxır, hardasan indi?

İncidir ağrılar, artır hər zaman.

Bu gündən sabaha qalmayıb güman.

Başımın üstünü bürüyür duman

İldırım sərt çaxır, hardasan indi?

-Canımdan can çıxır, hardasan indi?.

Qoymusan eşqimə əngəl, qadağa.

İstirab salıbdır məni yatağa.

Sənsiz məhkum oldum tənha otağa.

Otaq məni sıxır, hardasan indi?

-Canımdan can çıxır, hardasan indi?

Ucalıb harayım, ucalıb naləm.

Səsimi dinləmir, eşitmir aləm.

Zəhərlə doludur eşqi-piyaləm.

Gözümdən qan axır, hardasan indi?

-Canımdan can çıxır, hardasan indi?

Gedərək etmisən çaşqın Qəribi.

Sellərə qatmısan daşqın Qəribi.

Qəribəm, olmuşam eşqin Qəribi.

Eşqin ürək yaxır, hardasan indi?

-Canımdan can çıxır, hardasan indi?

Rauf Qərib (Alagözov)