Bakı şəhər ərazisində günün müxtəlif vaxtlarında yaranan tıxaclar həm sürücüləri, həm də sərnişinləri həddən artıq narahat edib. Süni tıxacların yaranmasında göstərilən əsas səbəblərdən biri də avtomobillərin düzgün park edilməməsidir. Bu barədə SİA-ya məlumat verən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov bildirib ki, bu gün nəqliyyat vasitələrinin park edilməsi üçün kifayət qədər yerlər və bankomatlar var və bu məsələ ilə bağlı müvafiq qanun da mövcuddur.
Onun sözlərinə görə, gün ərzində Bakı şəhərində yaranan süni tıxacların əsas səbəbi də avtomobillərin düzgün park edilməməsidir və bu da digər nəqliyyat vasitələrinin, həmçinin avtomobillərin hərəkətinə mane olur: "Bununla əlaqədar gün ərzində təxminən 400-dən artıq inzibati protokol tərtib edilir. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üzrə elektron protokollar hazırlanır və aidiyyatı üzrə orqanlara ünvanlanır. Bundan başqa avtomobillərin evakuasiya edilməsi haqda da mütəmadi olaraq tədbirlər keçirilir. Gün ərzində orta hesabla 70-dən çox avtomobil evakuasiya edilərək müvəqqəti dayanacaqlara daşınır".
Vaqif Əsədov bildirib ki, son zamanlar yol polisinin bu istiqamətdə apardığı işlər nəticəsində dərs ili başlayandan bu günə qədər hərəkat iştirakçılarını narahat edən və ləngidən sıxlıq və ya tıxaclar çox da qeydə alınmayıb: "Bu istiqamətdə geniş tədbirlər aparılır. Bununla bağlı müvafiq qanunlarımız da var. Qalır onları yerinə yetirmək. Bəzən sürücü diqqətsizliyi və tələskənliyi bizi əlavə tədbirlər görməyə məcbur edir. Sürücülər nizam intizama riayət etməlidirlər. Yol hərəkəti ilə bağlı qəbul olunan qərarlara riayət etməlidirlər. Xüsusilə də təhsil müəssisələrinin girişində və çıxışında yaranan sıxlığa sürücülər birbaşa məsuliyyət daşıyır. Sürücü şəxsi mənafeyini ümumi milli mənafedən üstün tutulmamalıdır. Təbii ki, burada bəzi mənfi mental xüsusiyyətlər də nəzərə çarpır bağlı bəzi mənfi vərdişlər var".
V.Əsədov qeyd edib ki, əgər Bakı şəhərində əvvəllər avtomobillərin park edilməsi üçün yer yox idisə, hazırda bu kifayət qədərdir: "Müasir tələblərə cavab verən, çoxmərtəbəli avtomobil duracaqları var. Avtomobillərin park edilməsinə icazə verən 70-dən artıq küçə və prospektlər üzrə 300-dən artıq parkamat quraşdırılıb".