“EU Reporter” Azay Quliyevin müsahibəsini yayıb

22 Sentyabr 2015 19:37 (UTC+04:00)

Avropanın tanınmış "EU Reporter" portalı Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin müsahibəsini yayıb. Bu barədə Şuranın mətbuat xidmətindən məlumat verilib.

Azay Quliyev deyib ki, Avropa Parlamentinin Azərbaycana qarşı ədalətsiz, haqsız və qərəzli mövqeyi Avropa İttifaqının Cənubi Qafqazdakı maraqlarına təhlükə törədir. Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti əsassız olaraq tənqid edən bu qətnamə Avropa İttifaqı ilə Azərbaycan arasında diplomatik böhrana səbəb olmaqdadır. Müstəqil siyasəti, dinamik inkişafı, yüksək tolerantlığı ilə diqqət çəkən Azərbaycanda demokratik təsisatlar azad şəkildə fəaliyyət göstərir. QHT-lərin, media orqanlarının, siyasi partiyaların və vətəndaş cəmiyyətinin bütün elementlərinin sərbəst şəkildə fəaliyyəti təmin edilib.

Şura sədri bildirib ki, Azərbaycan Avropa İttifaqı və ona üzv olan ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu daim bəyan edib. Lakin Azərbaycanın bu dostluq və əməkdaşlıq jestləri Avropa institutları tərəfindən adekvat dəyərləndirilmir. Təəssüf ki, min illərdən bəri malik olduğu multikultural dəyərləri uğurla qoruyub saxlayaraq inkişaf etdirən, bu sahədə beynəlxalq ekspertlər tərəfindən dünyaya örnək kimi göstərilən Azərbaycanın əldə etdiyi nailiyyətlərdən hər zaman narahatlıq keçirən dairələr də mövcuddur. Sirr deyil ki, belə maraqlı dairələrin sırasında ilk yerdə erməni diasporu dayanır.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rolunu qeyd edən A.Quliyev ölkəmizin Avropa strukturları ilə əməkdaşlıqda önəminin başqa ölkələrlə müqayisə edilə bilməyəcəyini vurğulayıb. O bildirib ki, vətəndaşları yoxsulluq içərisində yaşayan, iqtisadiyyatı tənəzzülə uğrayan Ermənistan "Şərq tərəfdaşlığı" proqramına hansısa töhfə verə bilmək gücündə deyil. Ermənistanda əsgər analarının, sosial durumlarından şikayətçi olanların keçirdikləri etiraz aksiyalarının siyasi rejim tərəfindən xüsusi qəddarlıqla dağıdılmasına baxmayaraq, Qərbin bu ölkəyə münasibəti tamamilə fərqlidir. Buradakı siyasi rejim heç vaxt tənqid olunmur. Bu günlərdə Sarkisyan rejiminin təzyiqlərindən qaçaraq Azərbaycana sığınan Ermənistanın müxalif "Milli Azadlıq Hərəkatı" İctimai Birliyinin rəhbəri Vahan Martirosyanın məruz qaldığı zülmlər haqqında verdiyi bəyanat buna sübutdur.

Qərbin müəyyən dairələri erməni diasporunun təhriki ilə ölkəmizin beynəlxalq imicinə ləkə vurmaq, onu gözdən salmaq üçün kampaniya aparmaqdadır. Sentyabrın 15-də Amerika Ermənilərinin Milli Komitəsi Azərbaycanla Avropa Parlamentinin münasibətini korladığına görə erməni diasporuna təşəkkür edib və qurumun 10 sentyabr tarixli qətnaməsini erməni lobbisinin qələbəsi adlandırıb. Bu fakt artıq Avropa Parlamenti rəhbərliyində və siyasi qruplarda təmsil olunan avropalı siyasətçilərin bir çoxunun erməni diasporu tərəfindən ələ alınması və ya şəxsi maraq qarşısında Azərbaycan əleyhinə çirkin kampaniyada rol alması haqqında dediklərimizin açıq sübutudur.

A.Quliyev deyib ki, Avropa Parlamentinin sonuncu əsassız qətnaməsinə etiraz əlaməti olaraq Azərbaycan parlamenti "Şərq tərəfdaşlığı" proqramının önəmli institutu olan Avronest Parlament Assambleyasından çıxmaq haqqında qərar verdi. Bu isə Avropa Qonşuluq Siyasətinin iflası ola bilər.

Bir qrup ermənin girovuna çevrilmiş Avropa Parlamentinin nəhayət reallıq hissini bərpa edərək səhvini aradan qaldırmasının və Azərbaycana qarşı qəbul etdiyi ədalətsiz, qeyri-obyektiv, yanlış qərarlardan imtina etməsinin çoxdan zamanı çatıb.